Son günlərdə Azərbaycanın şimal bölgələrində dabaq xəstəliyi səbəbindən heyvan əti ilə bağlı ciddi narahatlıqlar yaranıb. Ümumiyyətlə xəstə heyvanın ətini necə seçmək mümkündür? Əti qaynatmaqla xəstəlikdən tam qorunmuş oluruq?
Məsələ ilə bağlı qida mütəxəssisi Asim Vəliyev SİA-ya açıqlamasında bildirib ki, dabaq virus mənşəli xəstəlikdir:
"Xəstəlik əsasən heyvanlar arasında sürətlə yayılır. İnsanlara yoluxması az hallarda olsa da mümkündür. Xəstə heyvanın əti insan üçün birbaşa virus mənbəyi olmasa da, heyvan sağlamlığı və qida təhlükəsizliyi baxımından riskləri nəzərə almaq vacibdir. Xəstə heyvanlar yeməkdən imtina edə, hərəkətsizləşə, çəki itirə bilər, ayaq-damarlarda problemlər yarana bilər. Sağlam heyvan ətində normal rəng olmalıdır. Sağlam qoyun, keçi, mal ətində rəng çəhrayı-qırmızı tonlarında olur. Keyfiyyətli ətin qoxusu kəskin, xoşagəlməz olmamalıdır. Həmçinin ət baytarlıq nəzarətindən və yoxlamasından keçməlidir. Əgər heyvan kəsimdən əvvəl baytar nəzarətindən keçməyibsə, risk artır. Amma nəzərə almaq lazımdır ki, yalnız gözlə görünən normal, anormal fərqlərlə heyvanın tam sağlam olduğunu, ya da hansısa xəstəliyə tutulmuş olduğunu müəyyənləşdirmək mümkün deyil. Bunun üçün laboratoriya müayinəsi mütləqdir.
Əti qaynatmaq bəzi mikrobioloji, viral təhlükələri azalda bilər. Amma heyvanın xəstə olub-olmaması məsələsini yalnız qaynatmaqla tam aradan qaldırmaq mümkün deyil. Əti düzgün şəkildə yüksək temperaturda bişirmək bakteriyalar, viruslar üçün təhlükəni azalda bilər. Amma bu hal xəstə heyvanın ətini almaq və istifadə etmək tamamilə risksizdir demə deyil. Heyvanın əti xəstəliyə görə əlavə toksinlər, zəhərlənmələr, heyvanın zəifləməsi nəticəsində yaranmış bakteriyalar ehtiva edə bilər. Kəsim, doğrama, saxlanma zamanı gigiyena qaydalarına riayət edilmədikdə təhlükə arta bilər. Bir istehlakçı olaraq ət alarkən bəzi qaydalara əməl etməliyik. Heyvan alarkən baytar nəzarətindən keçmiş ət almağa üstünlük verməliyik. Kəsim üçün heyvanın sağlamlığı, görünüşü yoxlanmalıdır. Hərəkət qabiliyyəti, yemək yeməsi, çəkisi, ayaqlarda yara və ya limfa düyünlərində şişkinlik olmamasına diqqət etməliyik. Əti düzgün şəkildə saxlamalıyıq. Çiy ət soyuducuda müvafiq temperaturda saxlanmalıdır. Həmçinin əti hazırlayarkən əsasən 70 dərəcə üzəti yüksək temperaturda bişirmək lazımdır. Yoluxma halı qeydə alınmış rayonlardan ət alarkən diqqətli olmalıyıq".
Bütün xəbərlər Facebook səhifəmizdə