“Dinin siyasətə alət olunması təhlükəli nəticələrə gətirib çıxara bilər” - Fazil Mustafa

“Birinci növbədə, dinin inanc sistemi çərçivəsində mənəvi dəyərlərin qorunması və cəmiyyətin əxlaqi əsaslarının möhkəmləndirilməsi məqsədəuyğundur. Lakin din üzərindən siyasətin dizayn edilməsi və ya siyasi məqsədlərə alət olunması artıq təhlükəli nəticələr doğura bilər. Bu, həm dövlətin sabitliyinə, həm də ictimai münasibətlərə mənfi təsir göstərir". SİA xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa “Müasir din təhsili modelləri: mənəvi dəyərlər və qlobal çağırışlar kontekstində” adlı beynəlxalq simpoziumda səsləndirib.

Deputat bildirib ki, müasir dövrdə qlobal çağırışlar fonunda dinin təsirinin düzgün istiqamətə yönəldilməsi mühüm əhəmiyyət daşıyır: “Bu konfransın əsas məqsədi də məhz müasir dini təhsilin və dini düşüncənin hansı istiqamətdə inkişaf etməsinin daha faydalı olacağını müəyyənləşdirməkdir. Biz dini siyasətə yanaşmada hər bir dövlətin öz konstitusion əsaslarını və dünyəvi prinsiplərini nəzərə almalıyıq".

Fazil Mustafa vurğulayıb ki, Azərbaycan dövləti Konstitusiyasına əsasən dünyəvi dövlətdir və buna görə də dini fəaliyyətlər dünyəvilik prinsipi üzərindən qiymətləndirilməlidir: “Konstitusiyanın 48-ci maddəsində vicdan azadlığı dövlət səviyyəsində tanınır və hər bir şəxs istədiyi dinə inanmaqda və ya inanmamaqda azaddır. Dövlətin vəzifəsi insanların dini inancını müəyyən etmək deyil, sadəcə bu fəaliyyətlərə nəzarət və balans mexanizmini təmin etməkdir".

O qeyd edib ki, dini təsirin siyasi səviyyəyə daşınması və dini institutların siyasi məqsədlərə xidmət etməsi bir çox ölkələrin təcrübəsində mənfi nəticələr doğurub:“Biz bunu Yaxın Şərq və bəzi Asiya dövlətlərinin nümunəsində açıq şəkildə görürük. Bu səbəbdən müasir dini təhsilin əsas vəzifəsi, çağırışlara uyğun gəlməyən dini stereotiplərin islah olunması və elmi yanaşmalarla zənginləşdirilməsidir".

Deputat həmçinin vurğulayıb ki, tarixən İslam alimləri elmi inkişafın qarşısını alan yanlış yanaşmalara qarşı çıxmış və elmlə dinin vəhdətini müdafiə etmişlər: “Elm və iman bir-birini tamamlayan iki qüvvədir – biri ağlı işıqlandırır, digəri qəlbi nurlandırır. Biz bu gün həmin ənənəni davam etdirməli, dinin yaradıcılıq, yenilik və mənəvi tərbiyə funksiyalarını cəmiyyətin inkişafına yönəltməliyik".

Fazil Mustafa bildirib ki, müasir dünyada texnoloji və elmi tərəqqi ilə yanaşı, mənəvi dayaqların da eyni templə möhkəmləndirilməsi vacibdir: “Mədəniyyət və mənəviyyat dindən ayrılmamalıdır, lakin din də elmi tərəqqinin qarşısında maneə kimi deyil, istiqamətverici mənəvi qüvvə kimi çıxış etməlidir. Dünyəvi prinsiplərə əsaslanan təhsil proqramları dini azadlıqların və ictimai harmoniyanın təmininə xidmət etməlidir”.

O qeyd edib ki, Azərbaycanda dini təhsil milli hüquq normalarına uyğun şəkildə həyata keçirilir və müxtəlif dinlər arasında qarşılıqlı hörmət təmin olunur: “Eyni zamanda, dini təhsil modellərini ümumiləşdirən vahid bir sistemin yaradılması vacibdir. Bu model müasir çağırışlara cavab verən, elmi və mənəvi dəyərləri uzlaşdıran bir yanaşmanı formalaşdırmalıdır".

Deputat əlavə edib ki, dünyada dini azadlıqların ən yüksək təmin olunduğu ölkələrdə balanslı və dünyəvi yanaşmalar əsasdır: “Tarixi və qlobal təcrübə göstərir ki, bir dinin üstünlüyünə əsaslanan siyasi modellər dini azadlıqların məhdudlaşmasına və sosial gərginliyə səbəb olur. Hicab azadlığı, qadınların təhsil hüquqları kimi məsələlər də sübut edir ki, yalnız balanslı və dünyəvi yanaşma dini azadlıqları tam şəkildə təmin edə bilər".

Fazil Mustafa çıxışının sonunda qeyd edib ki, müxtəlif dinləri təmsil edən ekspertlərin iştirakı ilə keçirilən bu simpozium gələcəkdə universal və balanslı dini təhsil modelinin formalaşması baxımından əhəmiyyətli platformadır: “Bu müzakirələr həm qanunvericilik orqanları, həm də cəmiyyət üçün vacib tövsiyə xarakteri daşıyır və dini azadlıqların inkişafına yönəlmiş yeni proqramların hazırlanmasına təkan verəcək".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə