Gəncədə topdansatış mağazasında saxta alkoqollu içkilər aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Gəncə şəhəri, H.Əliyev prospekti, ev 73 ünvanında fiziki şəxs Pərviz Təvəkkül oğlu Abdullayevə məxsus topdansatış mağazasında yoxlama aparıblar. Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən SİA-ya verilən məlumata görə, yoxlama zamanı satış sahəsində aşkar saxtalaşdırma əlamətləri olan “Organic Росинка” əmtəə nişanlı 98 ədəd 0,7 litrlik, 112 ədəd 0,5 litrlik alkoqollu içki aşkarlanıb.

İçkilərin başlıq hissəsinin təkrar bərkidildiyi, istehsal tarixləri və istehsalçı barədə məlumatların qeyd olunmadığı, saxta VÖEN göstərildiyi, müşayiətedici sənədlərinin olmadığı müəyyən edilib. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.

Faktla bağlı sahibkar barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb. Araşdırmalar davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə