“Dini bilik yalnız keçmişi öyrətmək deyil, həm də..." - Firudin Qurbanov

“Bu gün dünya bizə hökumət, cəmiyyət və mənəvi sistemlərin əhəmiyyətini bir daha nümayiş etdirir. Həyat sübut etdi ki, dini sahədə dərin biliklər və böyük anlayışlar mövcuddur”. SİA xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini Firudin Qurbanov “Müasir dünyada din təhsili modelləri” mövzusunda keçirilən beynəlxalq simpoziumda səsləndirib.

Nazir müavini qeyd edib ki, dünyada təxminən beş min dini inanc və sistem mövcuddur və onların hər biri öz mədəniyyəti, dəyərləri və insanlara verdiyi istiqamətlə fərqlənir: “Dinin əsas funksiyalarından biri insanlarda dünya görüşünün formalaşmasıdır. Din həmçinin insanların əqli və mənəvi dəyərlər sisteminin inkişafına, cəmiyyətin nizamına, ailə və nəsillər arasında bağların möhkəmlənməsinə mühüm təsir göstərir”.

Firudin Qurbanov bildirib ki, bu sosial və mənəvi funksiyaların qorunması üçün din təhsilinə və ictimai maarifləndirməyə xüsusi diqqət ayrılmalıdır: “Dini bilik yalnız keçmişi öyrətmək deyil, həm də gələcəyə düzgün hazırlıq deməkdir. Cəmiyyətin müxtəlif dini inanclara hörmətlə yanaşması ölkəmiz üçün əsas prioritetlərdəndir”.

O, Azərbaycanın tarixən tolerantlıq və multikulturalizm prinsiplərinə sadiq olduğunu vurğulayıb: “Tarixi faktlar göstərir ki, Azərbaycanda, o cümlədən Qarabağda və digər bölgələrdə müxtəlif dini icmalara və mədəni irsə həmişə hörmətlə yanaşılıb. Bu gün həmin ənənə davam edir və bu, xalqımızın mənəvi inkişafının və tolerantlığının əsas göstəricisidir”.

Nazir müavini bildirib ki, ölkəmizə gələn beynəlxalq nümayəndə heyətləri, xüsusilə Şuşa ziyarətləri zamanı Azərbaycanın dini irsinə göstərilən diqqətin və hörmətin şahidi olublar: “Bu ziyarətlər insanın Allaha olan hörmətini və dinin əsas prinsiplərini daha dərindən dərk etməsinə xidmət edir. Azərbaycanın müqəddəs yerlərinə göstərilən qayğı və ehtiram, mənəvi dəyərlərin qorunmasına verilən önəmin bariz nümunəsidir”.

F. Qurbanov həmçinin vurğulayıb ki, müasir dövrdə dini təhsil sahəsində bir sıra çağırışlar mövcuddur və bu istiqamətdə yeni proqramlar, standartlar və tədris yanaşmaları hazırlanmalıdır: “Biz mürəkkəb və dinamik bir coğrafiyada yaşayırıq. Bu baxımdan həm tarixi, həm də mədəni təcrübələrimizi qorumaq və gələcək nəsillərə ötürmək vacibdir”.

O əlavə edib ki, İngiltərə, Hindistan, Türkiyə və Ukrayna kimi ölkələrdən gələn ekspertlərin iştirakı, bu simpoziumda din təhsili sahəsində beynəlxalq əməkdaşlığın və qarşılıqlı hörmətin möhkəmləndirilməsinə xidmət edir: “Müxtəlif xalqlar və dinlər arasında dialoq və əməkdaşlıq təkcə mənəvi deyil, həm də sosial və mədəni inkişafın əsas amillərindəndir. Bizim bölgələrdə həyata keçirilən tədbirlər bu birgə əməkdaşlığın real göstəricisidir”.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə