“Biz bir xalq olaraq tarixi keçmişdə atəşpərəstlikdən, kimsiyançılıqdan keçmişik və nəhayət, İslam dəyərlərini qəbul etmişik. Bu dəyərlər bizim gücümüzü və uğurlarımızı möhkəmləndirmişdir". SİA xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Milli Məclisinin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov “Müasir din təhsili modelləri: mənəvi dəyərlər və qlobal çağırışlar kontekstində” mövzusunda keçirilən beynəlxalq simpoziumda səsləndirib.
Deputat bildirib ki, Azərbaycan bu gün dünyada tolerantlığı ilə seçilən ölkələrdən biridir: “Biz tolerant xalqıq, tolerant hökumətimiz var. Bu salonda iştirak edənlər də şahid olurlar ki, Azərbaycan müxtəlif xalqlara və dinlərə hörmətlə yanaşır. Bu, xalqımızın mərhəmətli, ədalətli və sadiq olduğunu göstərir".
Anar İsgəndərov qeyd edib ki, dünyanın bir çox ölkələrində tarix boyu din və dövlət münasibətləri ziddiyyətlərlə müşayiət olunsa da, Azərbaycanda bu münasibətlər hər zaman balanslı və hörmət üzərində qurulub: “Avropada əsrlər boyu din adamı və dövlət adamı arasında münasibətlər gərginlik yaratmışdır. Azərbaycanda isə tarixən bu sahədə qarşıdurma olmayıb. Bizim ölkəmizdə din və dövlət münasibətləri qarşılıqlı hörmət və əməkdaşlıq prinsipi əsasında formalaşıb".
O, vurğulayıb ki, Azərbaycan İslam dini baxımından dövlət və dini idarəetmə modelini düzgün şəkildə qurmuş ölkələrdən biridir: “Tarixi nümunələr göstərir ki, ölkəmizdə dini və dövlət qurumları arasında əməkdaşlıq möhkəm olmuş, xalqın rifahına xidmət etmişdir. 1893-cü ildə yaradılan Ruhani İdarəsi və 1899-cu ildə qəbul edilən qanunlar da dini azadlığın və sosial hüquqların qorunmasının bariz nümunəsidir".
Deputat əlavə edib ki, Azərbaycanın tolerantlıq və dini azadlıq təcrübəsi həm keçmişin dərin biliklərinə, həm də müasir dövrün tələblərinə əsaslanır: “Azərbaycanın yolu nə Amerika, nə Fransa, nə İran, nə də Türkiyə modelinə bənzəyir. Bizim yolumuz öz milli və mənəvi təcrübəmizə əsaslanır. Bizim ilahiyyatımız, təhsilimiz və mənəviyyatımız insana xidmətə yönəlib".
Anar İsgəndərov çıxışında Azərbaycan maarifçiliyinin, xüsusilə də mədrəsə və dini təhsil sisteminin tarixi əhəmiyyətinə də toxunub: “Azərbaycan maarifi və dini təhsil sistemi əsrlər boyu xalqın ruhunu formalaşdırıb, mənəviyyatını möhkəmləndirib. Bu sistem bu gün də nümunə sayılır".
Millət vəkili 44 günlük Vətən müharibəsi dövründə milli həmrəyliyin və dini mənəviyatın gücünü xüsusi vurğulayıb: “Azərbaycan müəllimi, alimi, din xadimi, hərbçisi — hamısı bir amal uğrunda birləşdi. Din adamlarımız əsgərlərimizin ruh yüksəkliyinin formalaşmasında mühüm rol oynadılar. Hər bir dua, hər bir vətənpərvərlik çağırışı əsgərin qələbə ruhuna çevrildi. Biz bütün dünyaya göstərdik ki, Azərbaycan əsgərinin savaşı haqq savaşıdır".
Anar İsgəndərov bildirib ki, Azərbaycanın işğaldan azad etdiyi torpaqlarda bərpa olunan mənəvi həyat, ölkənin gələcək uğurlarının rəmzidir: “Otuz il işğal altında qalan torpaqlarımız azad edildi. Biz bu illərdə həm acını, həm də inamı yaşadıq. İndi isə bu inam və birliyimizlə mənəvi dəyərlərin qorunması istiqamətində daha böyük uğurlara imza atacağıq".
Deputat sonda vurğulayıb ki, keçirilən simpozium İslam dünyasının gələcəyi üçün elmi, mənəvi və mədəni baxımdan mühüm töhfə olacaq: “Bu tədbir sülhün, təmizliyin, mənəvi birliyin və peyğəmbər yolu ilə gedən insanların birgə səylərinin ifadəsidir".
Bütün xəbərlər Facebook səhifəmizdə