UEFA Çempionlar Liqasının gərgin və həyəcan dolu mərhələlərindən birində təmsilçimiz "Qarabağ" növbəti dəfə Avropanın tanınmış və güclü klublarından biri olan "Atletik Bilbao"ya qarşı meydana çıxır. Bu qarşılaşma təkcə "Qarabağ" üçün deyil, bütövlükdə Azərbaycan futbolu üçün böyük əhəmiyyət daşıyır. Belə yüksək səviyyəli turnirlərdə uğurlu çıxışlar həm ölkəmizin reytinqinə, həm də futbolun kütləviləşməsinə ciddi töhfə verir.
Mövzu ilə bağlı paralimpiya çempionu İlham Zəkiyev SİA-ya açıqlamasında bildirib ki, "Qarabağ"ın bu cür oyunlarda qazandığı hər uğur, əslində Azərbaycan futbolunun yüksəlişinə işarədir:
"Bu, təkcə bir oyun deyil, bir millətin futbol üzrə təmsilçisinin Avropada necə çıxış etdiyinin göstəricisidir. Əlbəttə, rəqib zəif deyil, lakin bizim komandamız da artıq bu səviyyəyə uyğun təcrübə və gücə malikdir. Futbol sürprizlərlə doludur, nəticə nə olur-olsun, komandamıza inanırıq. Ən pis halda belə, meydanı bir xalla tərk edəcəyimizi düşünürəm və bu da önəmli nəticə olar”.
İlham Zəkiyev əlavə edib ki, bu cür beynəlxalq qarşılaşmalar gənc futbolçular üçün də motivasiya mənbəyidir: "“Qarabağ”ın göstərdiyi hər mübarizə, xüsusilə də azarkeşlərin qarşısında nümayiş etdirdiyi oyun keyfiyyəti gələcək nəsillərin futbola marağını artırır və ölkədə sağlam idman mühitinin formalaşmasına təkan verir".
Bütün xəbərlər Facebook səhifəmizdə