“Multikulturalizm siyasəti ölkəmizi beynəlxalq dialoq üçün mühüm platformaya çevirib” - Ramin Məmmədov
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən dözümlülük və multikulturalizm siyasəti ölkəmizi beynəlxalq dialoq və əməkdaşlıq üçün mühüm bir platforma kimi dünyaya təqdim etmək imkanı yaradıb”. SİA xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov “Müasir din təhsili modelləri: mənəvi dəyərlər və qlobal çağırışlar kontekstində” mövzusunda keçirilən beynəlxalq simpoziumda səsləndirib.
Komitə sədri bildirib ki, bu siyasət müxtəlif etnik və dini qrupların qarşılıqlı hörmət və anlaşma şəraitində sülh içində birgəyaşayışını təmin edir və sosial-mənəvi məsuliyyətin sərhədlərini aydın şəkildə müəyyənləşdirir: “Biz tolerantlıq və multikulturalizm dəyərlərimizlə qürur duyuruq. Azərbaycanda formalaşmış dini həmrəylik modeli də məhz bu prinsiplər üzərində qurulub”.
Ramin Məmmədov qeyd edib ki, əsas məqsədlərdən biri klassik İslam ənənələri ilə müasir təhsil yanaşmalarını birləşdirən modeli daha da təkmilləşdirməkdir: “Bu simpozium çərçivəsində aparılan elmi müzakirələr həm Azərbaycan alimləri, həm də beynəlxalq iştirakçılar üçün təcrübə mübadiləsi baxımından olduqca faydalı olacaq”.
O, çıxışında müasir dövrdə elmin və texnologiyanın inkişafının cəmiyyətlərin mənəvi dəyərlərinə təsir göstərdiyini vurğulayıb: “Bu dəyişikliklər fonunda biz mühüm bir sualla üz-üzəyik – yeni reallıqlara uyğunlaşmaq mümkündürmü, lakin mənəvi irsimizə toxunmadan? Bu suala cavab tapmaq bizə həm mənəvi dəyərlərin, həm də qlobal çağırışların uzlaşdığı yeni modelləri formalaşdırmaqda yardım edəcək”.
Komitə sədri bildirib ki, müasir dünyanın ehtiyac duyduğu dini həmrəylik modeli mənəvi dəyərlərin qorunmasını təmin etməli, cəmiyyəti dini radikalizm və ekstremizmdən müdafiə etməli, multikulturalizmi təşviq etməli və gənc nəslin qlobal reallıqlara hazırlığını təmin etməlidir.
Ramin Məmmədov vurğulayıb ki, dini təhsil dayanıqlılıq prinsipinə əsaslanmalıdır: “Dini təhsil nə keçmişə qapanmalı, nə də müasirliyin təsiri altında mənəvi dəyərləri inkar etməlidir. Bizə ənənə və çağırışlar arasında tarazlığı qoruyan yeni bir model lazımdır”.
Sonda o qeyd edib ki, Azərbaycanın formalaşdırdığı dini təhsil və həmrəylik modeli beynəlxalq miqyasda sülhün, dialoqun və sosial inteqrasiyanın təşviqi üçün nümunə ola bilər: “Əminəm ki, bu simpozium bizi düşündürən bu mühüm məsələlərin müzakirəsi üçün çox faydalı bir platforma olacaq və yeni təhsil yanaşmalarının formalaşmasına mühüm töhfə verəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə