“Dini təhsil və kulturalizm gəncləri tolerantlığa hazırlayır” - Rəvan Həsənov

“Müasir dövrdə dövlətlərin dünyəvi prinsiplərə əsaslanan siyasəti çərçivəsində dini biliklərin verilməsi istiqamətində proqramlar hazırlanmalıdır. Azərbaycanda da bu prinsiplər tətbiq olunur və dini təhsil milli hüquq normalarına uyğun şəkildə həyata keçirilir. Hər şəhərdə dini təhsil müəssisələri fəaliyyət göstərir, digər dinlərlə qarşılıqlı hörmət və uzlaşma təmin olunur”. SİA xəbər verir ki, bu fikirləri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov “Müasir din təhsili modelləri: mənəvi dəyərlər və qlobal çağırışlar kontekstində” beynəlxalq simpoziumda bildirib.

O qeyd edib ki, müxtəlif dini təhsil modellərini ümumiləşdirən vahid sistemin yaradılması böyük əhəmiyyət daşıyır: “Bu model dini təhsilin konsepsiyasının metodoloji baxımdan inkişafına və müasir çağırışlara uyğun tətbiqinə imkan yaradır. Dünyəvi dövlət dini azadlıqları qoruyur, fərdi azadlıqları məhdudlaşdırmadan insanların mənəvi həyatını və ictimai fəaliyyətini tənzimləyir. Tarixi və qlobal təcrübə göstərir ki, bir dinin üstünlüyünə əsaslanan siyasi modellər dini azadlıqların məhdudlaşmasına və cəmiyyətdə problemlərin yaranmasına səbəb olur".

Həmçinin Həsənov vurğulayıb ki, müasir dövrdə dini təhsildə yeni yanaşmalar tətbiq olunmalı, şəxsi və kollektiv kimlik, etika və sosial davranışların formalaşdırılması ön plana çəkilməlidir: “Bu çərçivədə 2015-ci ildə Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı Beynəlxalq Mədəniyyətlərarası Kulturalizm Proqramı tətbiq olunub. Proqram gənclərə Azərbaycan cəmiyyətində mövcud bütün dinlərin tarixi və funksiyalarını öyrənmək imkanı verir və fərqli dini və mədəni baxışların cəmiyyətə inteqrasiyasını asanlaşdırır. Azərbaycan Kulturalizmi fənni artıq 27 xarici universitetdə tədris olunur və bu say artır".

Rəvan Həsənov bildirib ki, bu yanaşma həm gənclərin, həm də gələcək nəsillərin dini və mədəni savadını artırır, tolerantlıq və qarşılıqlı hörmət prinsiplərinin təşviqi üçün mühüm platforma yaradır.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə