“Azərbaycanın din təhsili modeli beynəlxalq səviyyədə unikal nümunədir” - Aqil Şirinov

“Bildiyiniz kimi, ötən il Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondu birgə olaraq “Din təhsili üzrə respublika konfransı” təşkil etmişdi. Bu il isə həmin mövzunu daha da genişləndirərək qlobal səviyyəyə daşıdıq”. SİA xəbər verir ki, bu fikirləri Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov “Müasir dünyada din təhsili modelləri” mövzusunda keçirilən beynəlxalq simpoziumda səsləndirib.

Aqil Şirinov bildirib ki, simpoziumun əsas məqsədi dünyada bu sahədə fəaliyyət göstərən alimləri və tədqiqatçıları bir araya gətirərək müasir din təhsili modellərini müzakirə etmək, mənəvi dəyərlərə əsaslanan, eyni zamanda qlobal çağırışlara cavab verən yanaşmaları araşdırmaqdır.

O qeyd edib ki, simpoziumda dünyanın 15 ölkəsindən 70-ə yaxın alim və tədqiqatçı iştirak edir: “Bu mütəxəssislər din təhsili sahəsində öz araşdırmalarını təqdim edəcək, nəticələr isə tezislər şəklində nəşr olunacaq və gələcəkdə elmi məqalə toplusu kimi dərc ediləcək”.

Rektor vurğulayıb ki, Azərbaycan İlahiyyat İnstitutu bu istiqamətdə xüsusi rol oynayır: “Bizim təhsil sistemimiz məzhəblərüstü prinsiplərə əsaslanır və burada yalnız İslam deyil, dünya dinləri də tədris olunur. Bu, Azərbaycan modelini beynəlxalq səviyyədə fərqləndirən əsas cəhətlərdəndir”.

Aqil Şirinov əlavə edib ki, simpoziumun keçirilməsi Azərbaycanın din təhsili sahəsində əldə etdiyi nailiyyətlərin dünyaya tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır: “Əminəm ki, bu tədbir öz bəhrəsini verəcək və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə onun tabeliyində fəaliyyət göstərən qurumların bu sahədəki fəaliyyəti daha da uğurla davam edəcək”.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə