“Xankəndi” klubu Azərbaycan çempionatlarında 22 illik rekordu təkrarlayıb

Futbol üzrə Azərbaycan II Liqasının VI turu “Xankəndi”nin böyükhesablı qələbəsi ilə əlamətdar olub. SİA Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadla xəbər verir ki, “Araz-Saatlı”nın qonağı olan debütant 14:0 hesablı qələbə qazanıb.

Bu, PFL-in bayrağı altında keçirilən yarışların tarixində ən böyük fərqli qalibiyyətdir. 2008-ci ildən Premyer Liqa, I Liqa, II Liqa, Əvəzedicilər liqası, ölkə kuboku və Superkubokunda 14 top fərqi ilə qalib gələn olmayıb.

“Xankəndi”nin “Araz Saatlı” üzərində 14:0 hesablı qələbəsi ümumilikdə müstəqil Azərbaycanın peşəkar və yarımpeşəkar səviyyəli turnirləri üçün (II Liqanın ötən əsrdəki oyunları nəzərə alınmamaqla) ikinci ən böyük nəticənin təkrarıdır.

Yalnız bir dəfə ölkə çempionatı və kubokunda daha böyük fərqə təsadüf olunub. 1993/1994-cü illər mövsümündə I dəstədə mübarizə aparan komandaların duelində Sumqayıt təmsilçisi “Metallurq” “Göytəpə”ni 15:0 hesabı ilə məğlub edib.

14:0 hesabına isə 3-cü dəfə təsadüf olunub. Əvvəlki qələbələrin hər ikisinə “Şəfa” imza atıb və bu uğurlara ölkə kubokunda nail olub. 1997/1998-ci illər mövsümündə HHQ İK, 2003/2004-cü illər mövsümündə isə “Lider Qarabağ”la görüşdə “Şəfa” 14 cavabsız qol vurub. “Xankəndi” Saatlı təmsilçisi üzərində qələbə ilə “Şəfa”nın 22 il əvvəl imza atdığı XXI əsrin rekordunu təkrarlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə