Cari ilin yanvar-sentyabr ayları ərzində Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 7733 daşınmaz əmlak dövlət reyestrində qeydiyyata alınıb. Qeydiyyata alınan əmlaklar arasında qeyri-yaşayış binaları, fərdi yaşayış və bağ evləri, həmçinin əmlak kompleksi kimi müəssisələr yer alıb. Bu barədə SİA-nın bölgə müxbirinə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat verilib.
2025-ci ilin ilk 9 ayında daşınmaz əmlakın qeydiyyatı, texniki inventarlaşdırılması və kadastr xidmətlərindən, ümumilikdə 1,7 milyon manat xidmət haqqı toplanıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 118,7 min manat və ya 7,1 faiz artım deməkdir.
Bundan əlavə, cari ilin yanvar-sentyabr aylarında hüquqi və fiziki şəxslər, həmçinin notariat ofisləri tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinə 5,4 mindən artıq elektron müraciət daxil olub. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 12,2 faiz artım deməkdir.
2025-ci ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında 70 dövlət əmlakı özəlləşdirilib. Dövlət əmlakının özəlləşdirilməsindən ümumilikdə 1,1 milyon manat daxilolma əldə olunub, bunun 819 min manatı muxtar respublika büdcəsinə yönəldilib.
Eyni dövrdə muxtar respublika üzrə dövlət əmlakının registrindən 143 çıxarış verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə