İqtisadi suverenliyin möhkəmləndirilməsində Mərkəzi Bankın rolu strateji əhəmiyyət daşıyır - Sədr müavini
Hər bir ölkə üçün güclü və dayanıqlı iqtisadi sistemin formalaşdırılması, daxili resursların səmərəli idarə olunması, makroiqtisadi sabitlik, maliyyə dayanıqlılığı milli təhlükəsizliyin və sosial rifahın əsas təminatçısıdır. Dövlətin iqtisadi suverenliyinin qorunmasında Mərkəzi Bank mühüm funksiyaları yerinə yetirir. Maliyyə sektorunun sabitliyi və iqtisadi artımın dəstəklənməsi Mərkəzi Bankın həyata keçirdiyi əsas strateji iqtisadi vəzifələrdən biridir. Son 20 ildə ölkədə makroiqtisadi sabitliyin qorunması, valyuta ehtiyatlarının davamlı şəkildə artırılması həyata keçirilən effektiv pul-kredit siyasətinin nəticəsidir. SİA xəbər verir ki, bu fikirləri Mərkəzi Bankın sədrinin müavini Əli Əhmədov oktyabrın 22-də “”Konstitusiya və Suverenlik İli”nə həsr edilən “Dövlət suverenliyinin iqtisadi əsasları və iqtisadi müstəqillik” mövzusunda keçirilən elmi-praktik konfransda çıxışı zamanı səsləndirib.
Mərkəzi Bankın rəsmisi əlavə edib ki, dünya üzrə qeyri-müəyyənliklərin artdığı, qlobal iqtisadi təzyiqlərin gücləndiyi dövrdə belə Azərbaycan sabit maliyyə mühiti və etibarlı bank sistemi ilə seçilən ölkələrdən biri kimi qalmaqdadır. “Makroiqtisadi proseslərin effektiv tənzimlənməsi üçün banklararası likvidlik idarə olunur, strateji valyuta ehtiyatları gücləndirilir və valyuta bazarında stabillik təmin edilir. Bu, iqtisadi suverenliyin mühüm komponentlərindən biridir”, – deyə Ə.Əhmədov vurğulayıb.
Çıxış zamanı qeyd olunub ki, maliyyə sabitliyi təkcə bank sektoru ilə məhdudlaşmır. Sığorta bazarının inkişaf etdirilməsi, ödəniş sistemlərinin fasiləsiz və təhlükəsiz şəkildə fəaliyyət göstərməsi Mərkəzi Bankın prioritetlərindəndir.
“Azərbaycanın iqtisadi müstəqilliyinin real nəticəsi məhz bu gün ölkədə maliyyə sisteminin yüksək idarəetmə potensialı, maliyyə institutlarının güclü transformasiyası və qabaqcıl texnoloji həllərlə təchiz olunmasıdır. Ölkədə həyata keçirilən qabaqcıl iqtisadi siyasət çərçivəsində Mərkəzi Bank maliyyə sektorunun möhkəmləndirilməsi və iqtisadi artımın dayanıqlılığının təmin olunması istiqamətində fəaliyyətini davam etdirəcək”, - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə