Cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb - DİN

Oktyabrın 21-də ölkə ərazisində qeydə alınan 48, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Həmçinin bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 142 nəfər saxlanılıb. O cümlədən borclu şəxs qismində axtarışda olan 120, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 11 və dələduzluğa görə axtarışda olan 5 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Eyni zamanda, narkotiklərlə əlaqəli 22 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 24,9 kiloqramdan artıq narkotik vasitə və 6 min 11 ədəd güclü təsiredici xassəyə malik metadon həbi aşkar olunaraq götürülüb.

Qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 7 fakt müəyyən edilib. Polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 qumbara, 1 alışdırıcı, 4 tüfəng, 1 patron darağı və 290 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Cinayət törətməkdə şübhəli bilinən 37 nəfər də saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə