Qaraməryəm- İsmayıllı-Şəki avtomobil yolunun Qəbələnin Zarağan kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Regional Mərkəzindən SİA-ya bildirilib ki, Zarağan kəndi ərazisində baş verən qəzadan sonra vətəndaşın avtomobildə sıxılı qalması barədə məlumat daxil olub. Dərhal hadisə yerinə Regional Mərkəzin xilasediciləri göndərilib. Müəyyən olunub ki, “Mercedes” markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə sürücü və sərnişin deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 35 yaşlı Elşən Səmədovu xilas edərək, təcili tibbi yardım briqadasına təhvil veriblər. Sürücü Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyəti orta-ağır qiymətləndirilir.
Həmçinin şəxsiyyəti məlum olmayan sərnişinin meyiti də çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qəza ilə bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə