Kəlbəcərlilər Prezident İlham Əliyevi dəstəkləyir TƏDBİR

Bu gün "Aşıq Şəmşir" mədəniyyət Ocağı ictimai birliyinin təşkilatçılığı ilə Kəlbəcər rayon ictimaiyyəti aprelin 11-də keçiriləcək Prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyir adlı tədbir keçirib. SİA-nın xəbərinə görə, Kəlbəcər rayon ictimaiyyətinin iştirakçılığı ilə keçirilən tədbirdə ilk çıxış edən ictimai birliyin sədr müavini Həbib Misirov bildirib ki, Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev qaçqın və məcburi köçkünlərin problemlərini hər zaman diqqət mərkəzində saxlayıb: " Görülən işlər nəticəsində çadır şəhərcikləri ləğv edilib, müxtəlif bölgələrdə məcburi köçkünlər üçün yeni, müasir tipli qəsəbələr inşa olunub,onların sosial rifahı kökündən dəyişib. Bütün bunlar Prezidentin vətəndaşlara göstərdiyi diqqət qayğının bariz nümunəsidir" Daha sonra çıxış edən YAP İdarə Heyətinin üzvü, əməkdar elm xadimi Şahlar Əsgərov ölkəmizdə ölkə başçısının həyata keçirdiyi siyasət nəticəsində mövcud olan sabitlikdən söz açıb. Onun sözlərinə görə, dünyada qarışıqlıq olmasına baxmayaraq Azərbaycan dünyada sülh sabitlik ölkəsi kimi seçilir". Onun sözlərinə görə, Azərbaycan prezidentin iradəsi nəticəsində ölkəmiz Dağlıq Qarabağ münaqişəsinin həllinə yaxınlaşıb:" Biz əminik ki, Azərbaycanın və ölkə başçısının qətiyyətli mövqeyi nəticəsində işğal altında olan torpaqlarımız tezliklə düşmən tapdağından azad olunacaq". Tədbirdə çıxış edən digər natiqlər bildiriblər ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi illərə nəzər saldıqda ölkəmizin iqtisadi, siyasi və mədəni sahələrdəki uğurlarının sayı hesabı olmadığını görmək mümkündür. Bütün bunlar Azərbaycanın inkişafının davamlı olmasından xəbər verir. Tədbirin davamında kəlbəcərlilər hər zaman dövlətimizin başçısının yanında olduqlarını, Prezident İlham Əliyevi dəstəklədiklərini bəyan ediblər. Sonda Kəlbəcər ictimaiyyəti adından Prezidentə müraciət təqdim olunub.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə