"Valideynlər övladlarının dərsləri ilə maraqlansınlar" EKSPERT TÖVSİYYƏ ETDİ

“Ənənəvi təhsilin bərpa edilməsinin bir çox üstünlükləri var. Hələ dünyada ənənəvi təhsili əvəz edəcək ikinci effektiv təhsil forması yoxdur. Bu xüsusilə orta məktəb səviyyəsində təhsil alanlara aiddir. Belə ki, əksər ölkələrdə pandemiya ilə əlaqədar olaraq, ənənəvi təhsilə fasilə verilib. Bu və ya digər səbəbdən təhsil alanlar və təhsil verənlər ciddi problemlərlə qarşılaşdı. Bütün bunlarla bağlı dəfələrlə fərqli qərarlar qəbul edildi: bəzi ölkələrdə təhsil tamamilə dayandırıldı, bəzilərində hibrit, əksər ölkələrdə isə distand formada tədris olundu. Azərbaycan distant təhsili ilk olaraq tətbiq edən ölkələrdən biri olub. Xüsusilə, universitet tələbələri üçün distant təhsil əlverişli qəbul edilə bilər. Lakin, orta təhsil üçün bu kifayət qədər yaxşı deyil”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti İlqar Orucov deyib.

Onun sözlərinə görə, Azərbaycanın orta təhsil müəssisələri ilə bağlı qəbul etdiyi qərarlar çox düzgündür: “Cənab Prezidentin pandemiya ilə bağlı verdiyi qərarlar uğurla davam etdirilir. Böyük əksəriyyət maariflənib və karantin rejiminin qaydalarına əməl edir. Bu baxımdan hesab edirəm ki, ənənəvi təhsilin bərpa olunması ilə bağlı verilmiş qərar doğru yanaşmadır”.

Ekspert qeyd edib ki, ənənəvi təhsilin bərpa olunmasının bir sıra üstünlükləri var: “Ənənəvi təhsildə şagirdlər müəllimlərlə birbaşa ünsiyyətdə olur. Həmçinin, dərs prosesində interaktivliyin təmin olunması da müşahidə edilir. Daha sonra, şagirdlər sosiallaşaraq, gələcək vətəndaş olaraq formalaşır ki, bu çox yaxşı bir haldır. Aparılmış araşdırmalar onu göstərir ki, şagirdlər distant təhsili mənimsəməkdə xeyli çətinlik çəkirlər. Xüsuilə 1, 2 və 3-cü sinif şagirdləri tədris proqramını anlamır. Valideynlər övladlarına diqqət ayırıb, onların dərsləri ilə maraqlansınlar. Lakin, valideynlərin heç də hamısı bunu bacarmır. Şagirdlər pandemiya dövründə ətraf mühitdən təcrid olduğu üçün psixoloji problemlər yaşayırlar. Onların yaşlarını da nəzərə alsaq, hərəkətli vaxtlarıdır və pandemiya onlara mənfi təsir edir. Mən hesab edirəm ki, Azərbaycanda pandemiya ilə bağlı çox doğru qərarlar qəbul edilir. Ümid edirəm ki, növbəti tədris ilində hər şey qaydasına düşəcək”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə