2011-2012-ci illər üçün strateji planlarının ilkin layihəsi noyabrın sonlarınadək nazirliyə təqdim olunmalıdır

2011-2012-ci illər üçün strateji planlarının ilkin layihəsi noyabrın sonlarınadək nazirliyə təqdim olunmalıdır
"Ankara məktəbi" məktəb-liseyində Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə çərçivəsində seminar keçirilib. Təhsil Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, seminarın məqsədi rayon (şəhər) təhsil şöbələrində (idarələrdə) strateji planlaşdırma mexanizminin və yeni hesabatvermə sisteminin tətbiqi vasitəsilə idarəetmə sisteminin təkmilləşdirilməsidir.

Seminarda Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Sumqayıt Şəhər Təhsil Şöbəsi, Gəncə Şəhər Təhsil İdarəsi, ölkənin digər rayon (şəhər) təhsil şöbələri (idarələri) və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən strateji planlaşdırma prosesi üzrə müəyyənləşdirilən 66 məsul şəxs iştirak edib. Seminarda nazirliyin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdiri F.Qədirov, həmin şöbənin aparıcı məsləhətçiləri V.Əbdülrəhimov və N.Əliyev, İqtisadiyyat şöbəsi plan-maliyyə sektorunun müdiri V.Əsgərov, Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin Əlaqələndirmə Qrupunun rəhbəri E.Rüstəmov, Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin koordinatoru R.İsayeva çıxış edib, fikir və təkliflərini bildiriblər.

Strateji planlaşdırmanın məqsədi, bu prosesin həyata keçirilməsi üçün yerlərdə müvafiq işçi qrupunun yaradılması və bu prosesə maraqlı tərəflərin cəlb edilməsi, strateji planın elementləri, fəaliyyət və büdcə planlarının hazırlanması barədə təqdimatlar vasitəsilə iştirakçılara ətraflı məlumat verilib, bu istiqamətdə müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Seminarın sonunda rayon (şəhər) təhsil şöbələrin (idarələrin) 2011-2012-ci illər üçün strateji planlarının ilkin layihəsinin 30 noyabr tarixinə qədər nazirliyin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinə təqdim edilməsi iştirakçıların nəzərinə çatdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə