"Peşə seçimi attestat qiymətləri və nəticələr əsasında aparılmalıdır" - Ekspert

"Peşə seçimi attestat qiymətləri və nəticələr əsasında aparılmalıdır" - Ekspert

"Peşə seçimində hazırda valideynləri ən çox narahat edən məsələlərdən biri attestatların verilməsidir. Bu il məzunlara attestatlar elektron şəkildə təqdim olunduğu üçün bəzi valideynlər narahatlıq keçirirlər". Bu fikirləri SİA-ya açıqlamasında təhsil üzrə ekspert Elçin Muradov səsləndirib.

Onun sözlərinə görə, narahatlığa əsas yoxdur:

"Peşə təhsilinə qəbul üçün qeydiyyat müddəti başa çatanadək attestatlar elektron sistemə yerləşdiriləcək və abituriyentlər seçimlərini edə biləcəklər.

Digər məsələ isə bəzi şəxslərin özlərini ekspert kimi təqdim edərək peşə seçimi ilə bağlı əsassız məsləhətlər verməsidir. Heç bir təhlil aparmadan təsadüfi şəkildə bir neçə ixtisas seçmək düzgün yanaşma deyil.

Peşə seçimi zamanı mütləq attestat qiymətləri, buraxılış imtahanında toplanan bal və digər meyarlar nəzərə alınmalıdır. Bütün bunlar təhlil edildikdən sonra seçim etmək daha doğru olar.

Həmçinin seçim zamanı texniki peşə, ilkin peşə və yüksək texniki peşə təhsili proqramları arasındakı fərqlərə diqqət yetirmək, namizəd üçün ən uyğun istiqaməti seçmək lazımdır. Bu məqamlara diqqət yetirənlər peşə seçimində daha uğurlu nəticə əldə edə biləcəklər.

Əvvəlki illərin məzunları və peşə təhsili almaq istəyən şəxslər attestatlarının şəklini çəkərək və ya PDF formatında sistemə yükləyərək qeydiyyatlarını davam etdirə bilərlər. Cari il məzunları isə mütləq attestatın elektron şəkildə təqdim edilməsini gözləməlidirlər."

Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə