"Əvvəlki illərin məzunları da peşə təhsili müəssisələrinə müraciət edə bilərlər" - EKSPERT DANIŞDI

"Əvvəlki illərin məzunları da peşə təhsili müəssisələrinə müraciət edə bilərlər" - EKSPERT DANIŞDI

"Əvvəlki illərin məzunları da peşə təhsili müəssisələrinə qəbul üçün müraciət edə bilərlər".
Bu fikirləri SİA-ya açıqlamasında Peşə Təhsili üzrə Dövlət Agentliyinin PR sektor müdiri Aytən Səfərəliyeva bildirib.

Onun sözlərinə görə, qəbul prosesi qüvvədə olan qəbul qaydalarına uyğun şəkildə həyata keçirilir və cari il məzunları ilə yanaşı, əvvəlki illərin məzunları üçün də eyni prinsiplər tətbiq olunur: "Namizədlər seçdikləri ixtisas və təhsil səviyyəsinə uyğun olaraq elektron qeydiyyatdan keçərək müraciət edə bilərlər.

Müraciət zamanı attestat və ya digər müvafiq təhsil haqqında sənəd, şəxsiyyət vəsiqəsi və qəbul qaydalarında nəzərdə tutulan digər sənəd və məlumatlar tələb olunur. Tələb olunan sənədlər və qəbul şərtləri seçilən peşə istiqaməti və təhsil səviyyəsindən asılı olaraq fərqlənə bilər. Bu barədə ətraflı məlumat hər qəbul mövsümü üçün dərc olunan qəbul elanında təqdim olunur və namizədlərin həmin məlumatlarla əvvəlcədən tanış olmaları tövsiyə edilir.

Keçid balları hər il müsabiqənin nəticələrinə əsasən formalaşır və əvvəlcədən müəyyən edilmir. Keçid balına müraciət edən namizədlərin sayı, onların nəticələri və ixtisas üzrə rəqabət səviyyəsi təsir göstərir. Bu səbəbdən qəbul üçün tələb olunan keçid balı yalnız müsabiqə başa çatdıqdan sonra məlum olur.

Əvvəlki peşə liseyi məzunları da qəbul şərtlərinə cavab verdikləri halda yüksək texniki peşə təhsili (subbakalavr) proqramlarına müraciət edə bilərlər. Bu proqramlara qəbul üçün namizədlərin qüvvədə olan qəbul qaydalarının bütün tələblərinə uyğun olması vacibdir.

Hazırkı qaydalara əsasən, yüksək texniki peşə təhsili (subbakalavr) proqramlarına qəbul mərkəzləşdirilmiş elektron qəbul sistemi vasitəsilə həyata keçirilir və müsabiqə əvvəlki təhsil sənədi üzrə göstəricilər əsasında aparılır. Bu qəbul zamanı ümumi qəbul imtahanında bal toplamaq tələb olunmur. Lakin hər qəbul ili üzrə qaydalar və ixtisaslar ayrıca təsdiq edildiyindən, müraciət etməzdən əvvəl cari qəbul şərtləri ilə tanış olmaq və qəbul elanında yer alan məlumatları diqqətlə nəzərdən keçirmək tövsiyə olunur".

Lətifə Abdıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə