"Bu il keçid ballarının yüksəlməsi gözlənilmir" - DİM rəhbəri

"Bu il keçid ballarının yüksəlməsi gözlənilmir" - DİM rəhbəri

"Ali təhsil müəssisələrinə qəbul üçün keçid ballarının yüksəlməsi gözlənilmir, bu il nəticələr təxminən keçən ilki səviyyəsindədir." Bu fikirləri Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə Baku TV-yə müsashibəsində deyib. Onun sözlərinə görə, müxtəlif qiymətləndirmə prosedurları və müasir qiymətləndirmə şkalaları mövcuddur:

SİTAT: "Bizim qiymətləndirmə prosedurlarımız ən sadə prosedurlardandır. Keçid ballarının necə formalaşdığını biz artıq 30 ildir izah edirik. Birincisi, müsabiqəyə buraxılma şərti var. Yəni siz müəyyən bir bal toplamalısınız ki, müsabiqəyə buraxılasınız. Müxtəlif istiqamətlər üzrə bu hədd fərqlidir: 200 bal, 150 bal, bəzi qabiliyyət tələb edən ixtisaslarda isə 60 bal ola bilər. İlk olaraq, siz müsabiqəyə buraxılırsınız. Həmin istiqamət üzrə neçə nəfərin bu balı topladığı hər il fərqli ola bilər. İkincisi, həmin istiqamət üzrə neçə plan yeri ayrıldığı da ildən-ilə dəyişir. Üçüncüsü, sizin seçmək istədiyiniz ixtisasa neçə nəfərin ərizə verməsi də hər il fərqli olur.

Təsəvvür edin ki, imtahanda 100 min nəfər iştirak edir və onlardan, məsələn, 60 min nəfər müsabiqəyə buraxılır. Bu qədər iştirakçının hansı ixtisası seçəcəyini, kimlərin hansı istiqamətə üstünlük verəcəyini əvvəlcədən dəqiq proqnozlaşdırmaq mümkün deyil. Amma son 30 ildə, xüsusilə də son 10 ildə müəyyən tendensiyaları müşahidə edirik".

Bütün xəbərlər Facebook səhifəmizdə