Bakıda tələbə sayının azalması universitetlər üçün hansı dəyişikliklər yarada bilər? - EKSPERT AÇIQLADI
Azərbaycanda ali təhsilin inkişafı ilə bağlı yeni yanaşmalar müzakirə olunur. Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, Bakıdakı universitetlərin köçürülməsi nəzərdə tutulmur, əsas məqsəd tələbə sayını optimallaşdıraraq təhsilin keyfiyyətini artırmaqdır. Eyni zamanda region universitetlərinin imkanlarının genişləndirilməsi və tələbələrin bölgələrdə təhsil almağa təşviq olunması hədəflənir. Bəs bu yanaşma ali təhsilin keyfiyyətinə və tələbələrin seçim imkanlarına necə təsir göstərə bilər? Tələbə sayının azaldılması təhsilin keyfiyyətinə necə təsir edə bilər? Region universitetlərinin inkişafı tələbələrin seçimlərinə təsir edəcəkmi? Bakıda tələbə sayının azalması universitetlər üçün hansı dəyişikliklər yarada bilər?
Məsələ ilə bağlı təhsil eksperti Məzahir Məmmədli SİA-ya açıqlamasında bildirib ki, bu məsələ dəfələrlə gündəmə gəlib və hər dəfə eyni cür müzakirələr aparılıb:
"Sosial şəbəkələrdə də, mediada da bu mövzuda fərqli fikirlər mövcuddur. Bir fikir ondan ibarətdir ki, universitetlərin şəhər mərkəzində yerləşməsi şəhərin infrastrukturuna əlavə yük yaradır və sıxlığın artmasına səbəb olur. Digər tərəfdən isə qeyd edilir ki, şəhərdəki sıxlığın səbəbi təkcə universitetlər deyil.
Ona görə də bu məsələdə daha çox region universitetlərinin inkişaf etdirilməsi, tələbə sayının artırılması, onların infrastrukturunun, tələbə şəhərciklərinin və kampuslarının yaxşılaşdırılması yolu ilə şəhərdəki sıxlığın qarşısını almaq mümkündür.
Başqa bir məqam da ondan ibarətdir ki, region universitetləri artıq şəhər mərkəzində yerləşən universitetlərlə bir çox prestijli ixtisaslar üzrə rəqabət aparırlar. Son illərdə yaradılmış Qarabağ Universitetində artıq ciddi rəqabət formalaşıb. Həmin universiteti seçən abituriyentlər aşağı ballarla qəbul olmaq imkanına malik deyillər. Universitet artıq tam rəqabətədavamlı ali təhsil müəssisəsi səviyyəsinə yüksəlib.
Bu gün orada yeni laboratoriyalar yaradılıb, müasir kampuslar inşa edilir və təhsil prosesi ən son avadanlıqlarla təmin olunur. Eyni modeli digər region universitetlərində də tətbiq etmək mümkündür. Məsələn, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müxtəlif rayonlarda fəaliyyət göstərən filiallarını müstəqil universitetlərə çevirmək olar. Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı, Bakı Dövlət Universitetinin Qazax filialı və digər bu kimi təhsil müəssisələrinin infrastrukturu genişləndirilə, yeni kampuslar salına bilər.
Beləliklə, şəhərdə yerləşən universitetləri köçürmədən, regionlarda ali təhsilin inkişaf etdirilməsi yolu ilə həm şəhərin yükünü azaltmaq, həm də regionların inkişafına təkan vermək mümkündür. Bu yanaşma müəyyən ailələr üçün də əlavə dəstək olacaq. Regionlarda yaşayan tələbələr öz doğma bölgələrində keyfiyyətli ali təhsil ala biləcəklər. Bu baxımdan hesab edirəm ki, belə bir model həyata keçirilsə, həm əhali, həm də regionlar üçün daha müsbət nəticələr verə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB