İmtahanların sayı azaldılsa, dərslərin keyfiyyətinə təsiri necə olar? - EKSPERT AÇIQLADI
Son dövrlərdə məktəblilərin üzləşdiyi imtahan sayı artıb və bu, həm şagirdlər, həm də valideynlər üçün əlavə stress və maliyyə yükü yaradır. Məktəblilər dərslərin əslində öyrənilməsi əvəzinə, yalnız imtahanlara hazırlaşmaqla məşğul olurlar. Elm və təhsil mütəxəssisləri şagirdlərin asudə vaxtının qorunması üçün fənlərin sayının azaldılmasını tövsiyə edirlər. Bəs, bu dəyişiklik məktəb sisteminə necə təsir edə bilər? İmtahanların sayı azaldılsa, dərslərin keyfiyyətinə təsiri necə olar?
Məsələ ilə bağlı təhsil eksperti Elçin Əfəndi SİA-ya açıqlamasında bildirib ki, son dövrlərdə məktəb şagirdlərinin üzləşdiyi imtahan stressi və imtahana hazırlıq həyəcanı daha da artıb:
"Bu, xüsusilə xarici siniflərdə – yəni 9-cu və 11-ci siniflərdə – daha qabarıq müşahidə olunur. Eyni zamanda 10-cu sinif şagirdləri də bu təzyiqdən tam azad deyillər. Əsas səbəb odur ki, bu siniflərdə şagirdlərin təhsil müəssisələrinə qəbul prosesi və ya digər təhsil mərhələlərinə keçid üçün intensiv hazırlıq dövrü başlayır. Bu hazırlıq müddətində şagirdlər minimum 3, maksimum isə 6–7 fənn üzrə dərslər alırlar. Eyni zamanda, bu siniflərin şagirdləri həm yuxarı siniflərdə, həm də aşağı siniflərdə keçirilən summativ qiymətləndirmələrdə iştirak edirlər. Məktəblərdə təhsil prosesi başladıqdan sonra, birinci yarımildə şagirdlər ən azı iki dəfə summativ qiymətləndirmələrdən keçir, ikinci yarımildə isə yenidən ən azı iki dəfə bu cür qiymətləndirmələr aparılır. Bu isə həm şagirdlərin, həm də valideynlərin vaxtına ciddi təsir göstərir, onların istirahət və digər fəaliyyətlərinə mane olur, tədris prosesini daha stresli hala gətirir.
Biz hesab edirik ki, şagirdlərin dərs yükü azaldılmalıdır və dərsliklərdə yalnız onlara həqiqətən lazım olan məlumatlar yer almalıdır. Məsələn, əgər 9–11-ci sinif şagirdləri imtahana hazırlaşarkən 6–7 fənn üzrə yox, yalnız əsas və kritik fənnlər üzrə, yaxud minimal sayda mövzudan imtahan verəcəklərsə, bu, həm onların hazırlıq prosesini daha səmərəli edər, həm də stres və həyəcanı azaldar.
Dünyanın əksər ölkələrində belə yanaşma tətbiq olunur: imtahanlar 1–3 fənn üzrə keçirilir və bu, şagirdlərin daha dərindən və səmərəli öyrənməsinə imkan yaradır. Eyni zamanda, məktəblərdə formal qiymətləndirmə sistemi də mövcuddur. Summativ qiymətləndirmələrin sayının azaldılması şagirdlərin ümumi bilik və bacarıqlarını yoxlamağa imkan verir, amma onları təzyiq altında buraxmır.
Əks halda, şagirdlərin üzərinə çox sayda imtahan və fənn yüklənməsi onların təhsil prosesindən uzaqlaşmasına səbəb ola bilər. Bu isə həm təhsil keyfiyyətinə, həm də şagirdlərin psixoloji sağlamlığına mənfi təsir göstərir. Ona görə də imtahan strategiyalarının optimallaşdırılması və fənlərin sayı ilə qiymətləndirmə sisteminin sadələşdirilməsi çox önəmlidir. Təhsil sistemində əsas məqsəd şagirdlərin bilik və bacarıqlarını düzgün şəkildə qiymətləndirmək, onların psixoloji sağlamlığını qorumaq və eyni zamanda öyrənmə prosesini daha səmərəli etmək olmalıdır. Bu prinsiplər nəzərə alınarsa, həm şagirdlərin dərs yükü yüngülləşəcək, həm də təhsil keyfiyyəti yüksələcək".
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB