Sınaq versiya üçün onlayn platforma istifadəyə verilib - FOTOLAR

"Azərbaycan Dili üzrə Sertifikasiya İmtahanının sınaq versiyası üçün onlayn platforma istifadəyə verilib". SİA-nın verdiyi məlumata görə, bu gün Dövlət İmtahan Mərkəzində Azərbaycan Dili üzrə Sertifikasiya İmtahanının sınaq versiyasının onlayn platformasının təqdimatına həsr olunan tədbir keçirilib. Tədbirdə dövlət qurumlarının nümayəndələri, respublikanın müxtəlif elm və təhsil müəssisələrinin professor-müəllim heyəti, dilçi alimlər, akademiklər və media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə Azərbaycan Dili üzrə Sertifikasiya İmtahanının doğma dilimizin inkişafı üçün əhəmiyyətini vurğulayıb və bildirib ki, bir müddət öncə Dövlət İmtahan Mərkəzi mütəxəssislərlə birgə “Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər” adlı proqram və sertifikasiya imtahanı modeli hazırlayıb ictimaiyyətə təqdim edib. Həmin proqram Əqli Mülkiyyət Agentliyi tərəfindən qeydiyyatdan keçirilib və müstəsna istifadə hüquqlarının Dövlət İmtahan Mərkəzinə məxsus olduğunu təsdiq edən şəhadətnamə verilib. Artıq imtahanın sınaq versiyasının onlayn platformasının hazır olduğunu qeyd edən sədr imtahan modelinin dünyanın müxtəlif yerlərində dilin tədrisi üçün kurikulumların və dil üzrə bilik və bacarıqların ölçülməsi ilə bağlı alətlərin hazırlanmasında istifadə olunan dillər üzrə ümum-Avropa çərçivə sənədi və Azərbaycan dilinin xüsusiyyətləri nəzərə alınaraq ərsəyə gətirildiyini qeyd edib. Sədr imtahanın Azərbaycan dili üzrə bilik və bacarıqların qiymətləndirilməsi üçün etibarlı bir mexanizm kimi fəaliyyət göstərəcəyinə əmin olduğunu diqqətə çatdırıb və hər kəsi qeydiyyatdan keçərək yoxlama alətlərinin təkmilləşdirilməsi üçün bu prosesdə aktiv iştirak etməyə çağırıb.

Daha sonra imtahan proqramının elmi redaktoru və həmmüəlliflərindən biri Azərbaycan Dillər Universitetinin baş müəllimi Səbinə Əliyeva sözügedən imtahanın məzmununun hazırlanmasında istinad olunan proqramın elmi-metodiki əsasları barədə çıxış edib.

DİM-in Dövlət dili və xarici dillər üzrə şöbəsinin müdiri Könül Hacıyeva imtahan modelinin beynəlxalq standartlara uyğunluğu ilə bağlı məlumat verib və qeyd edib ki, sertifikasiya imtahanı Azərbaycan dili üzrə bilik və bacarıqların A1-dən C2-yə qədər müxtəlif səviyyələr üzrə qiymətləndirilməsini nəzərdə tutur.

Daha sonra Azərbaycan Dili üzrə Sertifikasiya İmtahanının onlayn platformasının sınaq versiyası iştirakçılara nümayiş etdirilib.

Məlumat üçün bildiririk ki, imtahan kompüterəsaslıdır. Platforma bu gündən etibarən Dövlət İmtahan Mərkəzinin rəsmi internet səhifəsində sınaq müddətinə istifadəyə verilir. Sınaq prosesinin məqsədi imtahanının effektivliyini yoxlamaq və daha da təkmilləşdirməkdir.

İstifadəçilər verilən link vasitəsilə platformada qeydiyyatdan keçə və ödənişsiz şəkildə sınaq prosesində iştirak edə bilərlər. Namizədlərin imtahan nəticələri emal olunduqdan sonra qeydiyyat zamanı göstərdikləri elektron poçt ünvanına göndərilir".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə