Prokurorluq orqanlarına qulluğa qəbul imtahanın vaxtı açıqlanıb

Baş Prokurorluq tərəfindən prokurorluq orqanlarında qulluğa qəbulla bağlı cari ildə elan edilmiş müsabiqə üzrə sənədləri qəbul edilmiş namizədlər üçün test imtahanı Dövlət İmtahan Mərkəzi ilə əlaqəli şəkildə 2024-cü ilin oktyabrın 10-da saat 10:00-dan başlayaraq 3 saat müddətində Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri Binəqədi rayonu S.S.Axundov küçəsi 108 ünvanında yerləşən Elektron imtahanlar korpusunda (https://maps.app.goo.gl/srxYzgzpmawoFJrK6) keçiriləcək. Bu barədə SİA-ya Baş Prokurorluqdan məlumat verilib.

Namizədlərin nəzərinə çatdırılır ki, test imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən qanunvericiliyə uyğun olaraq ödənişli keçiriləcək. Ödəniş oktyabr ayının 3-də saat 09:00-dan etibarən oktyabrın 7-də saat 23:59-a qədər müddət ərzində Dövlət İmtahan Mərkəzinin rəsmi internet səhifəsinə (https://exidmet.dim.gov.az/elimt/ProkurorluqTest) daxil olaraq həyata keçirilməlidir.

Namizəd "İmtahana buraxılış vərəqəsi"ni qeydiyyat bitdikdən sonra DİM-in saytından "Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı" xidməti (https://exidmet.dim.gov.az/elimt/ImtBuraxilish) vasitəsilə çap etməlidir.

Müsabiqədə iştirak edəcək namizədlər buraxılış rejiminin vaxtında həyata keçirilməsi üçün imtahana bir saat əvvəl gəlməli və "İmtahana buraxılış vərəqəsi" ilə şəxsiyyət vəsiqəsinin əslini təqdim etməlidirlər.

İmtahan kompüterlər vasitəsilə elektron qaydada keçiriləcək və imtahanın sonunda hər bir namizədə kompüterin ekranında imtahanın nəticəsi barədə məlumat-arayış təqdim ediləcək. Məlumat-arayış həm də iştirak edən namizədin şəxsi kabinetinə yüklənir. İmtahanın keçirilməsi qaydalarına dair məlumat “Yaddaş kitabçası”nda əks olunacaq. Namizədlərin “Yaddaş kitabçası” və elektron test imtahanında kompüterdən istifadəyə dair “Təlimatla” tanış olmaları zəruridir. Test tapşırıqlarının hazırlanmasında istifadə edilmiş qanunların və digər normativ hüquqi aktların siyahısı 2024-cü il sentyabrın 2-də Baş Prokurorluğun internet səhifəsində (www.genprosecutor.gov.az) yerləşdirilib.

Əlavə məlumat almaq üçün 437-28-56, 361-00-78, 361-00-79, 361-00-80 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə