"Müəllim çatışmazlığı hələ də problem olaraq qalır" - AYDINLIQ GƏTİRİLDİ

“Bəzi ucqar rayon və kəndlərdə müəllim çatışmazlığı hər il müşahidə olunan problemlərdəndir. Müəllimlər buna başlıca səbəb olaraq məhz ucqar ərazilərdə əməkhaqqının az olmasını əsas gətirirlər. Elm və Təhsil Nazirliyi tərəfindən bu cür vakant yerlər üçün həvəsləndirici olaraq “H1” və “H2” əmsalı tətbiq olunur”. Bu sözləri SİA-ya açıqlamasında təhsil üzrə ekspert Elçin Əfəndi deyib.

O bildirib ki, “H1”də məsafə rayon mərkəzindən 20 kilometrə qədərdisə, bu zaman müəllimlərin əməkhaqlarına əlavə 60 manat əlavə olunur: “H2” olduqda isə əsasən mərkəzdən 20 kilometr artıq olduqda tətbiq olunur və bu zaman da əməkhaqqından əlavə olaraq 160 manat ödənilir. Lakin görünən odur ki, bu məbləğlər bir çox təhsilverəni qane etmir. Buna görə də vakant yerlər tutulmur. Nəticədə isə Quba, Qusar, mərkəzi Aran rayonlarının bəzilərində, Tovuz, Gədəbəy istiqamətlərində bəzi məktəblərdə təəssüflər olsun ki, müəllim çatışmazlığını müşahidə edirik.

O cümlədən, cənub rayonlarında da eyni problemlə qarşı-qarşıya olan məktəblər mövcuddur. Bu məktəblərdə müəllim çatışmazlığı problemini aradan qaldırmaq üçün yeganə çıxış yolu zənnimcə, faktiki təyin olunan “H1”, “H2”də qeyd olunan məbləğin bir qədər artırılması ola bilər. Məsələn, “H1” minimal olaraq 150 azn, “H2” əmsalında isə minimum 200 azn əməkhaqqından əlavə ödəniş təyin olunarsa, bu zaman həmin vakant yerlər tutula bilər”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə