453 nəfər peşə təhsili müəssisələrinin tələbəsi adını qazanıb

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”ında əsas proritet hədəflərdən biri də muxtar respublikada peşə təhsilinin əhatəsinin genişləndirilməsidir.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, proqramda muxtar respublikada əmək bazarının tələblərinə cavab verən müasir tipli peşə təhsili müəssisələrinin təşkili də nəzərdə tutulub. Bu istiqamətdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müvafiq Fərmanı ilə Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbi publik hüquqi şəxsi və Naxçıvan Şəhər Peşə Liseyi birləşdirilərək onların bazasında Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzi publik hüquqi şəxsi yaradılıb, Şərur və Ordubad Texniki Peşə və Sürücülük məktəbləri peşə liseylərinə çevrilib.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən əmək bazarının tələbləri nəzərə alınaraq peşə təhsili müəssisələrində 600-ü dövlət sifarişi, 100-ü ödənişli olmaqla, müxtəlif ixtisaslar üzrə 2024-2025-ci tədris ili üçün 700 yerlik qəbul planı tərtib olunub, peşə təhsili müəssisələrinə ilk dəfə ölkə üzrə mərkəzləşdirilmiş qaydada ixtisas fənn müəllimləri və istehsalat təlim ustaları müsabiqə yolu ilə işə qəbul edilib.

Naxçıvanda ölkə üzrə mərkəzləşmiş qaydada ilk dəfə olaraq 29 iyul-14 sentyabr tarixlərini əhatə edən 2024-2025-ci tədris ili üzrə peşə təhsil müəssisələrinə tələbə qəbulu da artıq başa çatıb. Peşə təhsil müəssisələri üzrə ümumilikdə 453 nəfər tələbə adını qazanıb. Qəbul olunan tələbələrin 95 faizi dövlət sifarişi əsasında, 5 faizi isə ödənişli əsaslarla təhsil almağa başlayıb.

Qeyd edək ki, ötən illərdə muxtar respublikada peşə təhsil müəssisələrinə tələbə qəbulu qısamüddətli 1, 2 və 3 aylıq kurslardan ibarət olub. 2024-2025-ci tədris ili üzrə isə 3 peşə təhsili müəssisəsinə ilk peşə, texniki peşə və yüksək texniki peşə səviyyələri üzrə 6 aylıq, 1, 3 və 4 illik olmaqla 35 ixtisasa qəbul aparılıb. İlk yüksək texniki peşə təhsil səviyyəsi üzrə təhsil alan tələbələrə subakalavr ixtisas dərəcəsi də veriləcək. Bu da həmin məzunların qəbul imtahanlarında iştirak etmədən ali təhsil müəssisələrinə müsabiqə yolu ilə qəbul olunmalarına şərait yaradacaq. 2024-2025-ci tədris ilində muxtar respublikanın peşə təhsili müəssisələrində yeni ixtisaslar da tədris olunacaq. Bunlar baytar texniki, isitmə və soyutma sistemlərinə xidmət üzrə mütəxəssis, binaların tikintisi və istismarı, elektronika və kommunikasiya sistemlərinin istismarı, mehmanxana və restoran işinin təşkili və idarə edilməsi, dəmiryolu stansiyası və keçid növbətçisi, kargüzar, mühasibat uçotu, kompüterlərin təmiri və xidməti üzrə texnik ixtisaslarıdır.

Xatırladaq ki, peşə təhsili səviyyəsi əmək bazarına gedən qısa yol sayılır və burada tədrisin əsas hissəsinin təcrübədən ibarət olması, tələbələrə müəllimlərlə yanaşı, peşəkar mütəxəssislərin bələdçilik etməsi və istehsalat təcrübəsinin işəgötürən müəssisələrdə təşkili məzunlara qısa müddətdə iş tapmaq imkanı qazandırır. Bu cəhətdən Dövlət Proqramına uyğun olaraq muxtar respublikada peşə təhsilinin əhatəsinin genişləndirilməsi vətəndaşların məşğulluq imkanlarının artırılmasında mühüm rol oynayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə