"Geyim qaydalarının tətbiqi tələbənin şəxsiyyətini boğmamalıdır" - MÜNASİBƏT BİLDİRİLDİ

"Müəllimin bir tələbənin geyimi haqqında şəxsi sosial media hesabında paylaşım etməsini peşə etikası baxımından düzgün hesab etmirəm". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Elnur Aydın deyib.

O bildirib ki, tələbələrin geyimi ilə bağlı müəyyən qaydaların olması universitetdə sağlam mühitin qorunması baxımından əhəmiyyətlidir: "Burada ikili mövqe ola bilər. Geyim qaydalarının olması tələbələrin şəxsi azadlıqlarını məhdudlaşdırmamalıdır. Geyim qaydalarının tətbiqi tələbənin şəxsiyyətini də boğmamalıdır. Onun daşıyıcısı olduğu mədəniyyətə hörmət edilməlidir.

Universitetlərdə tələbələrin geyim qaydaları tez-tez müzakirə mövzusu olur. Geyim qaydaları hər bir xalqın, cəmiyyətin dəyərlərinə bağlıdır. Universitetlərin daxili qaydalarına geyim qaydaları da daxil olmalıdır. Burada müəyyən qaydalar və normalar mövcud olmalıdır ki, hər kəs istədiyi formada məsələyə münasibət bildirməsin.

Universitetlər tələbələrdən müəyyən qaydalara uyğun rəsmi geyim tərzi tələb edə bilər. Bəzi universitetlər isə geyimə sərbəst yanaşa bilər. Hər hansı bir şəxsin geyimi və yə şəxsi məlumatlarının sosial şəbəkədə müzakirəyə çıxarmağını doğru addım hesab etmirəm. Geyim və digər etik qaydaların müzakirəsi qarşılıqlı hörmət və anlayış şəraitində olmalıdır. Qaydalar da dəqiq və aydın formada olmalıdır ki, müəllim də, tələbə də bu qaydalar çərçivəsindən kənara çıxmasın".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə