“Müəllimlər DİM-in sirrini tapıblar“ - EKSPERT RƏYİ

“Bu il mart ayının 3-də və 10-da keçirilən imtahanlardan sonra açıqlanan nəticələr ciddi rezonans doğurdu. Belə ki, indiyə qədər Azərbaycanın təhsil tarixində olmayan qədər maksimum bal toplayan tələbələr oldu. Birinci mərhələ imtahanda abitruyentlərə 300 bal toplamaq imkanı verilir və bizim 53 şagirdimiz maksimum bal topladı. Əvvəlki illərlə müqayisədə bu olduqca yüksək nəticədir. Bunun bir neçə səbəbi var. Bunun birinci səbəbi son üç ildə Elm və Təhsil Nazirliyinin mütəmadi olaraq məktəblərdə imtahan modelində monitorinq imtahanları keçirməsidir”. Bu sözləri SİA-ya açıqlamasında təhsil üzrə ekspert Kamran Əsədov deyib.

Ekspert bildirib ki, Elm və Təhsil Nazirliyi son üç ildə orta məktəblərdə təhsilin keyfiyyətinə nəzarət məsələsində kifayət qədər böyük işlər görüb: "Xüsusilə də monitorinqlərdə verilən test tapşırıqlarının imtahan modelində olması kifayət qədər qəbul imtahanının nəticələrinə öz təsirini göstərir.

2008-ci ildən ölkədə tətbiq edilən kurikulum standartları ilə qiymətləndirmə ilk dəfə idi ki, bu qədər maksimum nəticədə özünü göstərdi, belə bir nəticə gözlənilmirdi. Artıq Dövlət İmtahan Mərkəzinin (DİM) imtahanda tətbiq etdiyi sual modelləri müəllimlərə bəllidir. Yəni, müəllimlərimiz imtahan modeli ilə tanış olduqları üçün bu cür nəticələrin olacağını da proqnozlaşdırmalıyıq. Müəllimlər DİM-in sirrini tapıblar və bu imtahan nəticələrinə öz təsirini göstərir. Həmçinin suallar asan olması da bu ilki nəticələrə öz təsirini göstərib. Keçən illə müqayisədə 30-40 faizə qədər test tapşırıqlarında asanlaşma müşahidə etdik”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə