Özəl orta məktəblərin şagirdləri 300 bal toplaya BİLMƏDİLƏR

Özəl orta məktəblərin şagirdləri 300 bal toplaya BİLMƏDİLƏR

Xəbər verildiyi kimi, Dövlət İmtahan Mərkəzi (DİM) dünən tam orta təhsil səviyyəsi (11 illik) üzrə 3 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələrini elan edib.
DİM-in məlumatına görə, imtahan iştirakçıları arasında 14 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Yüksək bilik nümayiş etdirən şagirdlərin 13-ü qızdır. Cəmi 1 oğlan 300 bal toplamağa müvəffəq olub.
Həmin şagirdlərin (siyahı) 6-sı Bakı, 3-ü Qəbələ, 3-ü Şəki, 1-i Abşeron, 1-i Gəncə məktəblərini təmsil edir. SİA-nın məlumatına görə, 300 bal toplayan şagirdlər arasında özəl orta məktəblərin heç bir məzunu yoxdur.

Azərbaycandakı özəl orta məktəblərdə təhsil haqları 8 min manatdan 15 min manata qədər dəyişir.

Məsələn, “Landau School”da yuxarı siniflərin illik təhsil haqqı 12500-15000 manat aralığında dəyişir.

“Kaspi” Liseyində Azərbaycan bölməsi üçün təhsil haqqı 5-11-ci siniflərdə 8300 manatdır.

“Baku Oxford School”da IX-XII siniflər üzrə təhsil haqqı 17000 manat müəyyənləşdirilib.

Xəzər Universiteti Dünya Məktəbində isə Azərbaycan və rus bölmələrində V-XI siniflər üçün təhsil haqqı 9500 manatdır. Məktəbin ingilis dili bölməsində təhsi lhaqqı illik 10500 manat təşkil edir.

Avropa Azərbaycan Məktəbində X-XI siniflər üçün illik təhsil haqqı 15500 manata çatır.

Rəsmi statistikaya görə, hazırda Azərbaycanda 32 özəl orta məktəb fəaliyyət göstərir. Onlardan 1-i regionda (Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar lisey-məktəb kompleksi), digər 31-i isə Bakıda yerləşir.

Dövlət Statistika Komitəsindən əldə etdiyimiz məlumatına görə, hazırda Azərbaycandakı özəl ali məktəblərdə 20 mindən çox şagird təhsil alır. Onlardan təxminən 8500 nəfəri qızlardır.

Bu məktəblərdə 3300-dən çox müəllim çalışır.

Bütün xəbərlər Facebook səhifəmizdə