Kredit müddətinin uzadılması hansı hallarda mümkündür ? - EKSPERT DANIŞDI

“Kredit ödənişləri ilə bağlı mümkün gecikmələr və onların hüquqi nəticələri vətəndaşların diqqət yetirməli olduğu mühüm maliyyə məsələlərindən biridir. Xüsusilə ödəniş intizamının pozulması nəticəsində kredit tarixçəsinin mənfi istiqamətdə dəyişməsi və sözdə “qara siyahı”ya düşmə riski yaranarsa, bu halda önləyici tədbir kimi vaxtında banka müraciət etmək tövsiyə olunur”. Bu sözləri SİA -ya açıqlamasında iqtisadçı ekspert Günay Hüseynova bildirib.
Onun sözlərinə görə, erkən müraciət həm hüquqi, həm də maliyyə baxımından risklərin azaldılmasına xidmət edir:

“Kreditin müddətinin uzadılması məsələsinə gəldikdə isə qeyd edilməlidir ki, mövcud qanunvericilik kredit alan şəxsə bu hüququ avtomatik şəkildə tanımır. Müddətin uzadılması yalnız əsaslandırılmış hallar mövcud olduqda və bankların daxili qaydalarına uyğun şəkildə həyata keçirilə bilər. Belə hallar sırasında vətəndaşın əmək qabiliyyətini müvəqqəti itirməsi, ciddi sağlamlıq problemləri və ya digər fövqəladə sosial-iqtisadi vəziyyətlər göstərilə bilər. Bu zaman müvafiq sübutedici sənədlərin təqdim olunması əsas şərtlərdən biridir.

Əsaslı səbəblər mövcud olduqda bank tərəfindən kreditin restrukturizasiyası prosesi yenidən qiymətləndirilə bilər. Bu proses çərçivəsində yeni ödəniş cədvəli tərtib oluna, kreditin müddəti uzadıla və ya risklərin yüksək qiymətləndirilməsi halında müraciətə imtina edilə bilər. Qeyd olunmalıdır ki, müddətin uzadılması kredit alan şəxs üçün ümumi borc məbləğinin artmasına səbəb olur ki, bu da faiz dərəcələri və kredit müddəti ilə birbaşa əlaqəlidir.

Bankların imtina qərarı verməsi bir neçə amillə şərtlənə bilər. Ən əsas səbəblərdən biri təqdim olunan əsasların kifayət qədər tutarlı olmaması və ya sənədlərdə uyğunsuzluqların mövcudluğudur. Bununla yanaşı, bankların likvidlik riski də mühüm rol oynayır. Banklar yalnız kredit verən qurumlar deyil, eyni zamanda depozit sahibləri qarşısında maliyyə öhdəlikləri olan institutlardır. Kredit restrukturizasiyası üçün müraciətlərin kütləvi xarakter alması bankın maliyyə sabitliyi baxımından əlavə risklər yarada bilər.

Kredit müddətinin uzadılması qarşılıqlı razılaşma əsasında və risklərin kompleks qiymətləndirilməsi yolu ilə həyata keçirilən prosesdir. Bu prosesdə həm vətəndaşın maliyyə vəziyyəti, həm də bankın iqtisadi dayanıqlılığı əsas meyarlar kimi çıxış edir”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə