"Bu, Azərbaycanın möhkəm maliyyə əsaslarına malik olduğunu açıq şəkildə nümayiş etdirir" - ŞƏRH EDİLDİ

"Azərbaycan Prezidenti cənab İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına müraciətində Azərbaycan valyuta ehtiyatlarının tarixi rekord həddə çatdığını, 80 milyard dollardan artıq olduğunu bildirdi". Bu sözləri SİA-ya açıqlamasında deputat Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, Azərbaycan dünyada valyuta ehtiyatlarının ümumidaxili məhsulundan (ÜDM) çox olan azsaylı ölkələrdəndir:

"Hazırda Azərbaycanın valyuta ehtiyatları onun ÜDM-dən 8 faiz çoxdur. 2025-ci ildə Azərbaycanın valyuta ehtiyatları əvvəlki illə müqayisədə 14 faiz artaraq 83,6 milyard dollara çatmışdır. Bu artımın əsas mənbələrindən biri dövlət aktivlərinin səmərəli idarə olunması və xüsusilə Azərbaycan Dövlət Neft Fondunun (SOFAZ) investisiya strategiyasının uğurla şaxələndirilməsidir. Son illərdə Fondun ənənəvi maliyyə alətləri ilə yanaşı alternativ investisiya istiqamətlərinə, o cümlədən qızıla yatırımlarını artırması risklərin balanslaşdırılması baxımından mühüm addım kimi qiymətləndirilir. Hazırda Neft Fondunun qızıl portfeli 185 tona çatmışdır ki, bu da qlobal inflyasiya və valyuta riskləri şəraitində dövlət ehtiyatlarının dəyərinin qorunmasına xidmət edir. Bununla yanaşı, Fondun investisiya portfelində ABŞ dolları hələ də əsas paya malikdir. Ümumi portfelin təxminən 68 faizinin dollarla saxlanılması beynəlxalq ticarət və maliyyə əməliyyatlarında dolların aparıcı mövqeyi ilə izah olunur. Bu yanaşma likvidliyin yüksək səviyyədə təmin olunmasına və ehtiyac yarandığı halda dövlətin maliyyə öhdəliklərini operativ şəkildə yerinə yetirməsinə imkan verir.

Qlobal miqyasda isə əksər ölkələrdə valyuta ehtiyatları ÜDM-in nisbətən kiçik hissəsini təşkil edir. Müqayisə üçün qeyd etmək olar ki, bu nisbət Sinqapurda 66 faiz, Rusiyada 17 faiz, Braziliyada 14 faiz, Çində isə 6,2 faiz təşkil edir. Avropa ölkələrində isə göstəricilər daha aşağıdır. Məsələn, Almaniyada valyuta ehtiyatlarının ÜDM-ə nisbəti cəmi 0,7 faizdir. Bu, əsasən inkişaf etmiş sənaye iqtisadiyyatlarında daxili maliyyə bazarlarının dərinliyi və yüksək institusional etibarlılıqla əlaqədardır. İqtisadiyyatın ümumi həcmi böyük olan sənaye dövlətlərində ÜDM-in miqyası bu nisbətə birbaşa təsir göstərsə də, “orta güc” kateqoriyasına daxil olan ölkələr üçün valyuta ehtiyatlarının həcmi xüsusi strateji əhəmiyyət daşıyır. Bu ehtiyatlar iqtisadi sabitliyin qorunması, milli valyutanın möhkəmləndirilməsi, dövlət büdcəsi xərclərinin fasiləsiz maliyyələşdirilməsi və sosial-iqtisadi layihələrin davamlı icrası baxımından həlledici rol oynayır. Azərbaycanın mövcud göstəriciləri isə ölkənin uzunmüddətli dayanıqlı inkişaf yolunda möhkəm maliyyə əsaslarına malik olduğunu açıq şəkildə nümayiş etdirir".

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə