“John Deere” Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlıdır

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov ölkəmizdə səfərdə olan “John Deere” şirkətinin Mərkəzi Asiya və MDB ölkələri üzrə prezidenti, “John Deere Walldorf International” MMC-nin Baş icraçı direktoru Ksaba Leyko ilə görüşüb.

SİA-nın məlumatına görə, Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, nazir ölkəmizdə qeyri-neft sektorunun inkişafında kənd təsərrüfatının rolu, kənd təsərrüfatı sahəsində həyata keçirilən islahatlar, əldə olunmuş nailiyyətlər, fermerlərə göstərilən dövlət dəstəyi, aqrar sahənin rəqəmsallaşdırılması, kənd təsərrüfatında süni intellektin tətbiqinə dair həyata keçirilən layihələr, ölkəmizdə mövcud olan əlverişli investisiya mühiti, biznes üçün yaradılmış münbit şərait, eləcə də aqrar sahənin inkişafı üçün müəyyən edilmiş strateji hədəflər barədə qonağa ətraflı məlumat verib.

Ksaba Leyko təmsilçisi olduğu şirkətin uzun illərdir Azərbaycanda uğurla fəaliyyət göstərdiyini xatırladıb, mövcud səmərəli əməkdaşlığı daha da genişləndirməkdə maraqlı olduqlarını bildirib. Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə əməkdaşlıq perspektivlərinin geniş müzakirə olunduğunu qeyd edən şirkət rəhbəri pambıqçılıq, taxılçılıq, suvarma, logistika, mütəxəssis hazırlığı, texnika parkının yenilənməsi və digər istiqamətlərdə ölkəmizlə həyata keçirilə biləcək layihələr barədə danışıb.

Görüşdə Kənd Təsərrüfatı Nazirliyi və “John Deere” şirkəti ilə qeyd olunan sahələr üzrə əməkdaşlığa dair ilkin razılaşma əldə olunub.

Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə