“Energy Talks” layihəsi çərçivəsində növbəti onlayn seminar keçirilib
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) “Energy Talks” (Enerji söhbətləri) layihəsi çərçivəsində Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə birgə onlayn seminar təşkil edilib. SİA xəbər verir ki, tədbirdə EMTA-nın İdarə Heyətinin sədri Samir Axundov, ADAU-nun rektoru Zəfər Qurbanov, eləcə də Agentliyin nümayəndələri, Universitetin professor-müəllim heyəti, tədqiqatçılar, magistr və bakalavr tələbələri iştirak ediblər.
Çıxış edən EMTA-nın İdarə Heyətinin sədri Samir Axundov Agentliyin “Energy Talks” layihəsi barədə danışaraq, layihə çərçivəsində ali təhsil ocaqları ilə, xüsusilə energetika sahəsi üzrə ixtisaslarda kadr hazırlığı aparan universitetlərlə əməkdaşlıqda birgə tədbirlərin həyata keçirildiyini bildirib. Hər bir sahədə yüksək ixtisaslı kadrlara ehtiyac olduğunu deyən Samir Axundov Azərbaycanın gələcək inkişafında gəncliyin rolundan söz açıb. O, ADAU-nun məzunlarının gələcəkdə ölkəmizin energetika sahəsində uğurlarına öz töhfələrini verəcəklərinə inamını ifadə edib.
ADAU-nun rektoru Zəfər Qurbanov çıxışında “Energy Talks” layihəsi çərçivəsində növbəti seminarın ADAU ilə birgə təşkilinə görə təşəkkürünü bildirib. Rəhbərlik etdiyi ali təhsil müəssisəsi ilə bağlı danışan rektor bu ali təhsil ocağında digər ixtisaslarla yanaşı, energetika üzrə bakalavriat və magistratura səviyyəsində kadr hazırlığı aparıldığını bildirib. Zəfər Qurbanov ADAU-nun beynəlxalq əlaqələrindən, eləcə də universitetdə professor-müəllim heyəti, tələbələr üçün yaradılan maddi-texniki imkanlardan söz açıb.
Tədbirdə EMTA-nın və ADAU-nun fəaliyyəti haqqında qısa videoçarxlar nümayiş etdirilib.
Seminar Agentliyin Enerji sahəsində liberallaşdırma şöbəsinin müdiri Elmar Güləliyevin “Yaşıl enerjiyə keçid: Enerji bazarında islahatlar” və Dövlət proqramları və strateji inkişaf şöbəsinin müdiri Rüstəm Mirzəlizadənin “Enerji səmərəliliyi: Kənd təsərrüfatında bioqazdan istifadə imkanları” mövzusunda təqdimatları ilə davam edib.
Sonda müzakirələr aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə