"Genişmiqyaslı əməkdaşlıq istiqamətində mühüm addımlar atılır" - AQC SƏDRİ

"II Türk Ticarət Sərgisi həqiqətən də strateji baxımdan əhəmiyyətli olmaqla yanaşı, böyük siyasi və iqtisadi dəyərə malikdir. Çünki hazırda Türk dövlətləri arasında genişmiqyaslı əməkdaşlıq istiqamətində mühüm addımlar atılır. Həm Orta Asiya Türk dövlətləri, həm Türkiyə, həm də Azərbaycan olaraq müxtəlif sahələr üzrə ortaq layihələrə imza atırıq və bu, olduqca müsbət hal kimi qiymətləndirilir. İkinci Türk Ticarət Sərgisinin təşkil olunması isə bir daha təsdiqləyir ki, Azərbaycan dövlət rəhbərliyi, xüsusilə Prezident İlham Əliyev Türk dövlətləri ilə əməkdaşlığı, birliyi və qarşılıqlı əlaqələri ölkənin əsas prioritetlərindən biri kimi elan etmiş və bu istiqamətdə ciddi strateji məqsədyönlü addımlar atıb". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc qeyd edib.

Onun sözlərinə görə, Prezidentin “Bizim başqa evimiz yoxdur, bizim Türk evimiz, Türk birliyimiz var” ifadəsi Azərbaycan Respublikasının Türk Dünyasına münasibətinin mahiyyətini aydın şəkildə əks etdirir: "Bu, onu göstərir ki, Azərbaycan dövləti olaraq bütövlükdə Türk birliyi ideyasını strateji prioritet kimi qəbul edirik və bu istiqamətdə ardıcıl və məqsədyönlü addımlar atılır.

Keçirilən sərgi, eyni zamanda Azərbaycanın regional idarəetmə və iqtisadi mərkəz kimi mövqeyinin daha da möhkəmlənməsinə xidmət edir. Bununla yanaşı, sərgi Türk dövlətləri arasında siyasi və iqtisadi əməkdaşlığın dərinləşməsini, qarşılıqlı etimad və qardaşlıq münasibətlərinin güclənməsini təşviq edir. Həmçinin sərgidə iştirak edən müxtəlif qurumlar, şirkətlər və təsisatlar arasında biznes əlaqələrinin qurulması və iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün mühüm platforma rolunu oynayır.

Eyni zamanda bu tədbir, Türk dövlətlərinin ixrac potensialının genişləndirilməsi və region ölkələrinin iqtisadiyyatlarının qarşılıqlı inteqrasiyası baxımından olduqca mühüm əhəmiyyət kəsb edir. Qeyd olunmalıdır ki, belə miqyaslı və strateji tədbirin nəticəsi olaraq, gələcəkdə Türk dövlətləri arasında iqtisadi və ticarət əlaqələrinin daha da inkişaf edəcəyi gözlənilir".

Sədr qeyd edib ki, bu kontekstdə həm dövlət qurumları arasında müxtəlif sahələr üzrə birgə layihələrin həyata keçirilməsi, həm də ayrı-ayrı biznes subyektləri arasında əməkdaşlığın gücləndirilməsi nəticəsində Türk dövlətləri arasında ümumi ticarət dövriyyəsinin artacağı, biznes münasibətlərinin daha da dərinləşəcəyi və ümumilikdə regional iqtisadi əməkdaşlığın yeni mərhələyə qədəm qoyacağı ehtimal edilir: "Gələcəkdə dünyada vahid Türk güc mərkəzinin formalaşması üçün Türk dövlətləri arasında iqtisadi və ticarət inteqrasiyasının təmin olunması son dərəcə vacib amildir. Bu istiqamətdə atılan addımlar isə təqdirəlayiq strateji təşəbbüslər kimi qiymətləndirilməlidir.

Azərbaycan ilə Türkiyə arasında ticarət əlaqələrinin dinamik inkişafı bu inteqrasiya prosesinin mühüm tərkib hissəsidir. İki ölkə arasındakı ticarət dövriyyəsi artıq milyardlarla ABŞ dolları səviyyəsində ölçülür. 2023-cü ildə bu göstərici 6,1, 2024-cü ildə 7,6, 2025-ci ilin ilk dörd ayında isə 2,5 milyard ABŞ dollarına çatmışdı. Hazırda qarşıya qoyulan məqsəd isə ticarət dövriyyəsinin 15 milyard ABŞ dollarına yüksəldilməsidir. Bu isə yalnız ticarət həcminin artması deyil, eyni zamanda hər iki ölkə iqtisadiyyatının dərin və sistemli şəkildə inteqrasiyası anlamına gəlir.

Məlum olduğu kimi, Azərbaycan Türkiyəyə əsasən neft və neft məhsulları, kimya sənayesi məhsulları, eləcə də müxtəlif qida məhsulları ixrac edir. Türkiyə isə Azərbaycana tekstil və geyim sənayesi məhsulları, elektronika və texniki avadanlıqlar, avtomobillər və onların ehtiyat hissələri, həmçinin qida məhsulları ixrac edir. Bu istiqamətdə ticarət əlaqələrinin və ümumi dövriyyənin hər iki ölkə üçün strateji əhəmiyyəti mövcuddur. Təbii ki, bu əməkdaşlıq ildən-ilə genişlənir və ticarət dövriyyəsinin artması iqtisadi münasibətlərin daha da dərinləşməsinə səbəb olur.

Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlığın gücləndirilməsində strateji nəqliyyat və enerji layihələrinin xüsusi rolu vardır. Bu kontekstdə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri və Bakı-Tbilisi-Qars dəmir yolu kimi birgə layihələr mühüm əhəmiyyət daşıyır. Xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolu xətti vasitəsilə Azərbaycan və Türkiyə yalnız bir-biri ilə deyil, eyni zamanda Orta Asiya və Avropa bazarları ilə də effektiv şəkildə iqtisadi əlaqələr qura bilirlər.

Bundan əlavə, Zəngəzur dəhlizinin açılması perspektivi də regionda yeni nəqliyyat marşrutlarının formalaşmasına və tranzit imkanlarının genişlənməsinə şərait yaradaraq, ümumilikdə Türk dövlətləri arasında iqtisadi inteqrasiyanı daha da gücləndirə bilər"- deyə Vüqar Oruc qeyd edib.

Müəllif: Xeyrənsə Piriyeva

Bütün xəbərlər Facebook səhifəmizdə