İki ölkə arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi yolları müzakirə olunub - FOTOLAR
Türkiyənin Afyonkarahisar vilayətində Türkiyə və Azərbaycan arasında ticarət-iqtisadi əlaqələrin inkişafı mövzusunda panel müzakirələr keçirilib. SİA xəbər verir ki, tədbir çərçivəsində Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədovun iştirakı ilə ölkəmizin investisiya mühiti, xarici investorların istifadə etdiyi geniş imkanlar barədə ətraflı məlumat təqdim edilib.
Məşhur jurnalist Sezer Küçükkurtun moderatorluğu ilə keçirilən müzakirələrin iştirakçıları qardaş ölkələr arasında iqtisadi münasibətlərin dərinləşdirilməsi istiqamətində ideya və təşəbbüslər səsləndiriblər.
Anadolu sahibkarları və investorları qarşısında Azərbaycanın Türkiyədəki Ticarət nümayəndəliyinin baş müşaviri Cavid Abdullayev, Afyonkarahisar Ticarət və Sənaye Palatasının (ATSO) İdarə Heyətinin sədri Mustafa Ali Çelikten və “Artuk” şirkətlər qrupunun Direktorlar Şurasının sədri M. Öndər Artuk çıxış ediblər.
ATSO sədri Türkiyə və Azərbaycan arasında qardaşlıq bağlarının sarsılmazlığını vurğulayıb, birgə layihələr çərçivəsində əməkdaşlığın hələ istifadə olunmamış potensialına diqqət çəkib.
Mustafa Ali Çelikten, xüsusilə, Afyonkarahisardan ticarət nümayəndə heyətinin Azərbaycana səfər etməsi və Azərbaycan şirkətləri ilə əməkdaşlığın yeni istiqamətlərini müzakirə etməsi təklifini irəli sürüb.
Azərbaycanın Türkiyədəki Ticarət nümayəndəliyinin baş müşaviri C. Abdullayev isə öz növbəsində tədbir iştirakçılarına ölkə iqtisadiyyatının potensialı və bazar imkanları barədə ətraflı məlumat verib.
“Müasir Azərbaycan gənc əhaliyə, yüksək ixtisaslı mütəxəssislərə, sabit iqtisadiyyata və investorların dəstəklənməsi və təşviqi üçün geniş mexanizmlərə malik ölkədir. Milli valyutamız olan manatın məzənnəsi 2015-ci ildən bəri sabit qalır, ötən ilin yekunlarına əsasən isə Azərbaycanın ÜDM-i 74 milyard dollardan çox olub. Azərbaycanın ticarət tərəfdaşları siyahısına dünyanın 180 ölkəsi daxildir”, – deyə C. Abdullayev bildirib.
O qeyd edib ki, 1995–2023-cü illər ərzində Azərbaycan iqtisadiyyatına 172 milyard dollardan çox investisiya qoyulub. “Azərbaycanın strateji yerləşməsi və inkişaf etmiş infrastrukturu investorlar üçün böyük dividendlər vəd edir”, – deyə ticarət nümayəndəliyinin nümayəndəsi bildirib və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının imkanları və ölkəmizin sənaye zonalarının potensialı barədə fikirlərini bölüşüb.
C. Abdullayev işğaldan azad edilmiş ərazilərdə layihələr həyata keçirən investorlar üçün təqdim olunan güzəştlərə xüsusi diqqət ayırıb. “Türkiyəli iş adamlarını Azərbaycanın bazar imkanlarını daha dolğun qiymətləndirməyə çağırırıq”, – deyə o qeyd edib.
“Artuk” şirkətlər qrupunun İdarə Heyətinin sədri öz növbəsində Zəngəzur dəhlizinin açılmasının iki ölkə arasında iqtisadi əməkdaşlıq üçün yeni güclü təkan olacağına əminliyini ifadə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə