SOCAR İsveçrədə elektrikli yük avtomobilləri üçün ilk sürətli yükləmə stansiyasını istifadəyə verib
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İsveçrədəki törəməsi olan “SOCAR Energy Switzerland” şirkəti bu ölkədə elektrikli yük avtomobilləri üçün ilk sürətli yükləmə stansiyasını istifadəyə verib. Bu barədə SİA “SOCAR Energy Switzerland” sosial şəbəkədəki hesabında yaydığı məlumata istinadən xəbər verir.
“SOCAR Energy Switzerland” mayın 15-də “A1” yolu boyunca Kölliken-Nord istirahət zonasında elektrikli yük avtomobilləri üçün ilk sürətli yükləmə stansiyasını açıb. Yeni infrastruktur elektrikləşdirilmiş ağır yük daşıyan nəqliyyat vasitələrinin doldurulması üçün nəzərdə tutulub. 400 kVt-a qədər gücü olan stansiya hətta elektrikli ağır yük avtomobilləri üçün yükləmə müddətini əhəmiyyətli dərəcədə azaltmağa imkan verir. Bu isə logistika şirkətləri üçün xüsusilə vacibdir", - məlumatda deyilir.
Eyni zamanda, İsveçrə KİV-ləri xəbər verir ki, SOCAR 2026-cı ilin sonuna qədər İsveçrədə minik və yük elektromobilləri üçün təxminən 100 yükləmə məntəqəsi istifadəyə verməyi planlaşdırır.
Bildirildiyi kimi, Azərbaycan Dövlət Neft Şirkəti İsveçrədə “SOCAR” brendi altında yanacaqdoldurma stansiyaları şəbəkəsi açaraq neft məhsullarının pərakəndə satışı sahəsində fəaliyyət göstərir. Hazırda bu şəbəkə təxminən 200 yanacaqdoldurma stansiyasından ibarətdir.
Bundan əlavə, Sürixdə “SOCAR Trading” şirkətinin baş ofisi yerləşir.
Bütün xəbərlər Facebook səhifəmizdə