Azərbaycanın xarici ticarət dövriyyəsi 12 milyard dollar olub

Cari ilin yanvar-mart aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 151 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 96 ölkəyə məhsul ixrac edilib, 142 ölkədən idxal olunub.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Dövlət Statistika Komitəsindən bildirilib ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla bu ilin yanvar-mart aylarında xarici ticarət dövriyyəsi 11 milyard 956,3 milyon dollar, o cümlədən ixracın dəyəri 6 milyard 293,3 milyon dollar, idxalın dəyəri 5 milyard 663 milyon dollar təşkil edib, nəticədə 630,3 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.

Ötən ilin yanvar-mart ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 20,1 faiz, real ifadədə 3,9 faiz artıb. İdxal real ifadədə 24,8 faiz artıb, ixrac isə 8,6 faiz azalıb.

Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən xarici ticarət dövriyyəsinin 90,2 faizi İtaliya, Rusiya, Türkiyə, Çin, Almaniya, Birləşmiş Krallıq, Çexiya, Avstraliya, Rumıniya, Xorvatiya, Gürcüstan, Portuqaliya, Meksika, Yunanıstan, İsveçrə, Bolqarıstan, İran, Kanada, ABŞ, İrlandiya, Braziliya, Qazaxıstan və Ukrayna ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 21,1 faizi Rusiyanın, 17,8 faizi Çinin, 10,5 faizi Türkiyənin, 5,1 faizi Avstraliyanın, 4,4 faizi Birləşmiş Krallığın, 4,3 faizi Almaniyanın, 3,4 faizi Meksikanın, 2,7 faizi İranın, 2,3 faizi Kanadanın, hər biri 2,1 faiz olmaqla Braziliya və ABŞ-ın, 1,8 faizi İtaliyanın, 1,7 faizi Qazaxıstanın, hər biri 1,5 faiz olmaqla Özbəkistan, Yaponiya və Belarusun, 1,3 faizi Koreyanın, hər biri 1,1 faiz olmaqla Ukrayna və Türkmənistanın, 1 faizi Hindistanın, 11,7 faizi isə digər ölkələrin payına düşüb.

İdxalda qiymətli metalların, azqiymətli metallar və onlardan hazırlanan məmulatların, maşınların, mexanizmlərin, elektrotexniki avadanlıq və aparatların, nəqliyyat vasitələrinin, mineral məhsulların, kimya sənayesi məhsullarının, hazır ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, bitki mənşəli məhsulların, toxuculuq materialları və məmulatlarının, plastik kütlə və ondan hazırlanan məmulatların dəyəri üstünlük təşkil edib. 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə 2025-ci ilin yanvar-mart aylarında mühüm məhsul növlərindən buğda idxalı 35,9 faiz, kərə yağı, digər süd yağları və pastaları – 41,9 faiz, xam şəkər – 34,6 faiz, çay – 74,7 faiz, quş əti və onun əlavə məhsulları – 4,5 faiz, təzə tərəvəz – 36,9 faiz, siqaretlər – 5,3 dəfə, minik avtomobilləri – 18,9 faiz, polad prokatı – 16,2 faiz, qara metallardan çubuqlar – 97,4 faiz, mineral gübrələr – 8,7 faiz, rezin şinlər – 7,6 faiz, polietilen – 17,6 faiz, məişət kondisionerləri – 5 faiz, avtobuslar – 3,2 dəfə, məişət soyuducuları – 50,2 faiz artıb, təzə meyvə idxalı isə 15,4 faiz, şokolad və şokolad məhsulları – 5,3 faiz, unlu qənnadı məmulatları – 12,8 faiz, bitki yağları – 42,2 faiz, kartof – 1,5 faiz, mal əti – 10,6 faiz, dərman vasitələri – 20,2 faiz, qara metallardan borular – 37,2 faiz, hesablama maşınları, blok və qurğuları – 19,4 faiz, yük avtomobilləri – 2,3 faiz, sintetik yuyucu vasitələr – 17,6 faiz, mebellər – 8,7 faiz, paltaryuyan maşınlar – 0,4 faiz, polipropilen – 1,7 faiz, qara metallardan künclüklər – 6,5 faiz, sement – 11,6 faiz azalıb.

2025-ci ilin yanvar-mart aylarında ölkəyə 20946 ədəd minik avtomobili, 1780 ədəd yük avtomobili, 112 ədəd avtobus idxal olunub.

İdxal olunan malların 42,1 faizini avtomobil, 36,3 faizini hava, 11,4 faizini dəniz, 9,8 faizini dəmir yolu nəqliyyatı ilə gətirilmiş, 0,4 faizini isə boru kəməri və elektrik ötürücü xətləri ilə nəql edilmiş məhsulların dəyəri təşkil edib. İxracın 45,6 faizini İtaliyaya, 13,1 faizini Türkiyəyə, 4,8 faizini Çexiyaya, 4,5 faizini Almaniyaya, hər biri 3,7 faiz olmaqla Xorvatiya və Rusiyaya, 3,6 faizini Rumıniyaya, 3 faizini Portuqaliyaya, 2,8 faizini Gürcüstana, 2,7 faizini Yunanıstana, 2,4 faizini Bolqarıstana, hər biri 1,9 faiz olmaqla İsveçrə və İrlandiyaya, 1,2 faizini Birləşmiş Krallığa, 0,8 faizini Ukraynaya, 0,7 faizini Serbiyaya, 0,6 faizini Tunisə, 0,4 faizini Çinə, hər biri 0,3 faiz olmaqla Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan və Belarusa, 1,7 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

2025-ci ilin yanvar-mart aylarında qeyri-neft-qaz məhsullarının ixracı 771,9 milyon dollar təşkil edib və 2024-cü ilin yanvar-mart aylarına nisbətən faktiki qiymətlərlə 14,7 faiz artıb, real ifadədə isə 8,5 faiz azalıb. Qeyri-neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (30,2 faiz), Türkiyəyə (17,4 faiz), Gürcüstana (10,4 faiz), İsveçrəyə (9 faiz), Ukraynaya (6,6 faiz), Qazaxıstana (2,6 faiz), Birləşmiş Ərəb Əmirliklərinə (2,5 faiz), Belarusa (2,2 faiz), ABŞ-a (2,0 faiz), Türkmənistana (1,6 faiz), Almaniyaya (1,5 faiz), İsrailə (1,5 faiz), Çinə (1,3 faiz), İtaliyaya (1,3 faiz), Özbəkistana (1,2 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.

İxracın strukturunda xam neft, təbii qaz və neft-qaz məhsullarının, meyvə və tərəvəzlərin, kimya sənayesi məhsullarının, plastik kütlə və ondan hazırlanan məmulatların, alüminium və ondan hazırlanan məmulatların, pambıq lifi və ipliyinin, qara metallar və onlardan hazırlanan məmulatların, alkoqollu və alkoqolsuz içkilərin, şəkərin, bitki yağlarının payı üstünlük təşkil edib.

2025-ci ilin yanvar-mart aylarında 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 26,7 faiz, təzə tərəvəz – 7 faiz, şəkər – 31,8 faiz, meyvə və tərəvəz konservləri – 15,3 faiz, bitki yağları – 55,7 faiz, çay – 10,6 faiz, mineral gübrələr – 13,5 faiz, polietilen – 8,9 faiz, emal olunmamış alüminium – 15,8 faiz, sement klinkerləri – 31 faiz, qara metallardan borular – 62,5 faiz, pambıq ipliyi – 2,1 faiz, qara metallardan çubuqlar – 67,3 faiz artmış, meyvə və tərəvəz şirələri ixracı isə 29,7 faiz, tütün – 67,3 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 1,6 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 20 faiz, kartof – 31,2 faiz, polipropilen – 15,2 faiz, pambıq lifi – 28,8 faiz, elektrik enerjisi – 38,7 faiz, bentonit gili – 20,4 faiz azalıb.

2025-ci ilin yanvar-mart aylarında ixracın 87,4 faizini boru kəməri və elektrik ötürücü xətləri ilə nəql edilmiş, 8,2 faizini avtomobil, 2,9 faizini dəmir yolu, 1,3 faizini hava, 0,2 faizini dəniz nəqliyyatı ilə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə