Bakıda keçirilən “Poçt Liderləri Forumu”nun birinci günü yekunlaşıb
Bu gündən etibarən üç gün ərzində Bakı şəhəri Ümumdünya Poçt İttifaqının təşkilatçılığı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən “Azərpoçt”un dəstəyi ilə “Poçt Liderləri Forumu”na ev sahibliyi edir.
SİA xəbər verir ki, Avropa və MDB regionunu əhatə edən “Poçt Liderləri Forumu”nun birinci günü “Poçt sənayesində e-ticarətin gələcəyi”, “Sərhədlərarası elektron ticarətdə innovasiyaların təşviqi”, “Texnologiyaya əsaslanan ekosistemdə poçt və bağlamaların gələcəyi” kimi mövzulara həsr olunub.
Ümumdünya Poçt İttifaqının Beynəlxalq Bürosunun baş direktor müavini Marjan Osvald medianın suallarını cavablayarkən aşağıdakı fikirləri səsləndirib: “Burada olduğumuz üçün Azərbaycana çox təşəkkür edirəm və minnətdaram. Həqiqətən möhtəşəm təşkilatçılıq edirsiniz. “Azərpoçt” yaxşı işlər görür. “Azərpoçt” ötən illərdə bir neçə sertifikatla təltif olunub. Vurğulamaq istəyirəm ki, dövlət dəstəyi olmadan poçtların aktiv fəaliyyəti mümkün deyil. Çünki məktub poçtu, demək olar istifadə edilmir. Eyni zamanda, operatorlar üçün elektron ticarət xidmətində böyük imkanlar yaranıb. Amma elektron ticarət yalnız çatdırılmadan ibarət deyil, o həm də ixrac fəaliyyəti olaraq ölkənin ümumi daxili məhsuluna əlavə dəyər gətirən bir fəaliyyətə çevrilir”.
Tədbirdə çıxış edən “Azərpoçt” MMC-nin İdarə Heyəti sədri vəzifəsini icra edən İsi Mustafayev bildirib ki, forumda 30-dan çox ölkədən 180-ə yaxın nümayəndə iştirak edir. “Bu forumda iştirak edənlər Avropa və MDB ölkələrinin poçt təşkilatlarının rəhbərləri, elektron ticarət və akademik mühitin aparıcı nümayəndələridir. Artıq 2-ci dəfədir ki, Bakı regional poçt tədbirinə ev sahibliyi edir. “Azərpoçt” olaraq bu tədbirə dəstək göstərməkdə məqsədimiz poçt və e-ticarət sektorunun inkişafına və əməkdaşlıqların genişlənməsinə töhfə vermək, nəticədə milli poçt operatorunun beynəlxalq müstəvidə mövqeyini möhkəmlətməkdir”, - deyə İsi Mustafayev əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə