Orta Dəhliz Azərbaycanın nəqliyyat sektoru üçün yeni perspektivlər açır - EBRD
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM, Orta Dəhliz) üzrə ticarət Azərbaycanın nəqliyyat sektoru üçün yeni imkanlar aça bilər. SİA xəbər verir ki, Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) “Regional iqtisadi perspektivlər” adlı hesabatının may buraxılışında TBNM-in Azərbaycan üçün strateji potensialı vurğulanır.
“Ortamüddətli perspektivdə Çini Avropa ilə birləşdirən Orta Dəhliz üzrə ticarət Azərbaycanın nəqliyyat və logistika sektorları üçün yeni imkanlar yarada bilər, çünki sülhün gücləndirilməsi üzrə səylər yeni ticarət yollarına və investisiya axınına çıxışı aça bilər”, - hesabatda bildirilir.
TBNM Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan vasitəsilə Çindən Avropaya qədər uzanan beynəlxalq marşrutdur. O, xüsusən qlobal geosiyasi dəyişikliklər və logistika zəncirlərinin yenidən istiqamətləndirilməsi kontekstində ənənəvi nəqliyyat marşrutlarına alternativ kimi nəzərdən keçirilir.
Xatırladaq ki, 2024-cü ildə TBNM ilə yükdaşımaların həcmi 62 % artaraq 4,5 milyontona çatıb. 2025-ci ildə onun 5,2 milyon tona qədər artacağı gözlənilir ki, bunun da 4,2 milyon tonu marşrutda iştirak edən ölkələrdən keçəcək. Bu həcmin 2,5 milyon tonu quru yük (96 min TEU ekvivalenti), 1,7 milyon tonu isə neft olacaq.
Marşrutun ötürücülük qabiliyyəti 2027-ci ilə qədər ildə 10 milyon tona çata bilər ki, bu da Azərbaycanın tranzit potensialının genişləndirilməsi və infrastruktura əlavə investisiyaların cəlb edilməsi üçün davamlı zəmin yaradacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə