Arif Paşayev Ümümdünya Mühəndislik Günü tədbirinin iştirakçılarına müraciət edib
Milli Aviasiya Akademiyasının rektoru və Azərbaycan Mühəndislik Akademiyasının prezidenti, akademik Arif Paşayev Bakıda keçirilən Ümümdünya Mühəndislik Günü tədbirinin iştirakçılarına müraciət edib.
SİA-nın xəbərinə görə, müraciətdə deyilir:
Hörmətli tədbir iştirakçıları,
mühəndislər və gələcək mühəndislər!
Sizi 4 mart - Ümumdünya Mühəndislik Günü münasibəti ilə təbrik edirəm, fəaliyyətinizdə uğurlar və tədbirin səmərəli keçirilməsini arzulayıram.
2019-cu ildə UNESCO-nun 40-cı Baş Konfransında martın 4-nün Dayanıqlı İnkişaf Naminə Ümumdünya Mühəndislik Günü kimi elan edilməsi ilə bağlı qərar qəbul edilib. 2020-ci ildən başlayaraq hər il 4 mart Dünyanın Dayanıqlı İnkişafı üçün Mühəndislik Gunü kimi qeyd olunur. Biz də Azərbaycan Mühəndislik Akademiyası olaraq UNESCO-nun nəzdində Ümumdünya Mühəndislik Təşkilatları Federasiyasının 2023-ci ildən tam hüquqlu üzvü kimi bu bayramı öz həmkarlarımızla birlikdə təntənəli qeyd edirik.
Mühəndislik Gününün hər il qeyd olunması bizim üçün xüsusi önəmlidir ki, gənc nəsilə, gələcək mühəndislərə göstərək ki, qədim mühəndislik peşəsi hər bir ölkə iqtisadiyyatının dayanıqlı inkişafı üçün nə dərəcədə böyük əhəmiyyətə malikdir. Elm, texnika və mühəndislik işləri kollektiv əməyin bəhrəsidir. Ona görə də elmi-texniki problemlərin həllində elə etmək lazımdır ki, müvafiq kriteriya və tələblərə qənaətbəxşliyi təmin olunsun.
Yaxşı mühəndis iqtisadiyyatın dayanıqlı inkişafı deməkdir!
Bütün xəbərlər Facebook səhifəmizdə