Azərbaycan, Qazaxıstan və Gürcüstan Orta Dəhlizin potensialından istifadə imkanlarını müzakirə ediblər - FOTOLAR

Azərbaycan, Qazaxıstan və Gürcüstan “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu”nun (TBNM - Orta Dəhliz) potensialından daha səmərəli istifadə imkanlarını müzakirə ediblər. Bu barədə SİA “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-yə istinadən xəbər verir.

Bildirilib ki, bu gün “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu” (TBNM) Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin Bakıda keçirilən tədbirləri çərçivəsində ADY-nin sədri Rövşən Rüstəmov, “Gürcüstan Dəmir Yolu” SC-nin baş direktoru David Peradze və “Qazaxıstan Dəmir Yolları” Milli Şirkəti” SC-nin İdarə Heyətinin sədri Nurlan Sauranbayev arasında üçtərəfli görüş olub.

Görüşdə Çindən Avropa istiqamətində göndərilən konteyner yüklərin təyinat məntəqələrinə vaxtında çatdırılması üçün koordinasiyalı fəaliyyətin qurulması üçün zəruri tədbirlər və beynəlxalq dəhlizlərin fasiləsiz, etibarlı və səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə Azərbaycan, Qazaxıstan və Gürcüstan arasında yaradılmış “Middle Corridor Multimodal” LTD Birgə Müəssisəsinin fəaliyyətinin təşkili barədə müzakirələr aparılıb.

Orta Dəhlizin əsas tranzit ölkələrinin dəmir yolu ilə yükdaşımalarda əməkdaşlığının regional əhəmiyyəti, illik yük ötürmə gücü 5 milyon tona çatdırılmış Bakı–Tbilisi–Qars dəmiryol xəttinin Şərq-Qərb istiqamətində yük nəqlinə mühüm töhfəsi vurğulanıb.

Tərəflər ötən ilin mart ayında Çinin Sian şəhərində istifadəyə verilmiş Qazaxıstanın nəqliyyat-logistika mərkəzindən ilk konteyner blok-qatarının göndərilməsini sözügedən əməkdaşlığın uğuru kimi qeyd ediblər.

2024-cü ildə Çindən Azərbaycan və Avropa istiqamətində göndərilmiş 287 blok-qatarın qəbul edildiyi, bu il həmin rəqəmin 600-ə çatdırılması üçün işlərin görüldüyü bildirilib.

Həmçinin TBNM ilə yüklərin axınının sürətləndirilməsi üçün birgə səylərin əhəmiyyəti, bu əməkdaşlığın Çin–Mərkəzi Asiya–Azərbaycan marşrutunu qlobal müstəvidə yeni səviyyəyə qaldıra biləcəyi xüsusi vurğulanıb.

Tərəflər Orta Dəhlizin potensialından daha səmərəli istifadə üçün dəmiryol administrasiyaları arasında müştərək fəaliyyət istiqamətlərinin şaxələndirilməsi nəticəsində yükdaşıma həcminin artırıla biləcəyini qeyd ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə