Azərbaycanda psixoloji yardım üçün yeni dövlət standartları hazırlanacaq

Azərbaycanda psixoloji yardım xidmətlərinin keyfiyyətinin artırılması və tənzimlənməsi məqsədilə yeni dövlət standartları hazırlanacaq. SİA Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutuna (AZSTAND) istinadən xəbər verir ki, bununla bağlı müzakirələr İnstitutun nümayəndə heyətinin də iştirak etdiyi Psixi Sağlamlıq Forumunda müzakirə aparılıb.

Forum Ombudsman Aparatı, TƏBİB və İctimai Dəstək və İnkişaf üzrə Dövlət Orqanının (İDDO) Psixi Sağlamlıq Proqramının əməkdaşlığı çərçivəsində təşkil olunub.

Tədbir çərçivəsində "Psixoloji yardım" üzrə Texniki Komitənin (AZSTAND/TK49) yaradılması və ixtisaslı kadr potensialının gücləndirilməsi məqsədilə yeni dövlət standartlarının hazırlanması barədə geniş fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı psixoloji yardım xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, mövcud resursların optimallaşdırılması və bu sahədə peşəkar mütəxəssislərin yetişdirilməsi məsələləri əsas mövzu olub.

Forumda psixi sağlamlıq sahəsində həyata keçirilən işlər və gələcək inkişaf perspektivləri nəzərdən keçirilib, eyni zamanda beynəlxalq təcrübəyə əsaslanan yeni yanaşmalar təqdim olunub. İştirakçılar psixoloji yardım xidmətlərinin beynəlxalq standartlara uyğun tənzimlənməsi və əlçatanlığının artırılmasının vacibliyini vurğulayıblar.

Xüsusilə, psixoloji və nitq inkişaf mərkəzlərinin fəaliyyətinin tənzimlənməsi, peşəkar kadrların hazırlanması və ixtisasartırma proqramlarının gücləndirilməsi istiqamətində yeni təşəbbüslər irəli sürülüb. Yeni dövlət standartlarının tətbiqi ilə psixoloji yardım xidmətlərinin effektivliyinin artırılması, mütəxəssislərin sertifikatlaşdırılması və keyfiyyətə nəzarət mexanizmlərinin gücləndirilməsi nəzərdə tutulur.

Bu addımlar həm psixi sağlamlıq sahəsində çalışan mütəxəssislərin peşəkar inkişafına, həm də vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə müsbət təsir edəcək.

Tədbirdə psixoloji və nitq inkişaf mərkəzlərinin rəhbərləri, bir sıra universitetlərin müəllim və professor heyəti, 2 saylı psixiatriya xəstəxası və Respublika Psixiatriya Xəstəxanasının baş həkimləri və tibbi heyəti, eləcə də psixologiya sahəsində fəaliyyət göstərən mütəxəssislər iştirak ediblər.

Müzakirələr nəticəsində psixi sağlamlıq sahəsində yeni tənzimləmələrin tətbiqi, xidmətlərin keyfiyyətinin artırılması və bu istiqamətdə hüquqi çərçivənin təkmilləşdirilməsi ilə bağlı təkliflər səsləndirilib. Forum iştirakçıları bu yeniliklərin psixi sağlamlıq xidmətlərinə olan inamı artıracağını və vətəndaşların psixoloji rifahına müsbət təsir göstərəcəyini bildiriblər.

Yeni dövlət standartlarının hazırlanması üzrə işlərin yaxın zamanda tamamlanması və dövlət qurumları ilə birlikdə icra mexanizmlərinin müəyyənləşdirilməsi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə