“Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev Masallı rayonunda Masallı və Lənkəran sakinləri üçün vətəndaş qəbulu keçirib. SİA quruma istinadən xəbər verir ki, rayonun Heydər Əliyev mərkəzində keçirilən qəbulda vətəndaşların müraciət və təklifləri dinlənilib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun operativ şəkildə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Cəmiyyətin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Qəbulda iştirak edən bəzi vətəndaşların müraciəti ilə əlaqədar sədrin vəzifəsini müvəqqəti icra edən İ. Mirzəliyev ərazidə sakinlərlə görüşüb, onların rəy və təkliflərini dinləyib.
Qəbuldan sonra İ. Mirzəliyev Masallı rayonunda 2024-2025-ci il payız-qış mövsüm ərzində istismar olunan qazanxanaların fəaliyyəti tanış olub, istehlakçıların problemlərinin həll edilməsi istiqamətində texniki dəstəyin göstərilməsi ilə bağlı tapşırıqlarını verib.
Bütün xəbərlər Facebook səhifəmizdə