"Orta Dəhlizin ötürücülük qabiliyyəti 48 milyon tona çatdırılacaq"
Cari ildə Orta Dəhliz üzrə yük dövriyyəsinin artması gözlənilir və Gürcüstan buna tam hazırdır. Gürcüstan ərazisindən keçən Orta Dəhlizin ötürücülük qabiliyyəti ilin sonuna kimi 27 milyon tondan 48 milyon tona qədər artırılacaq.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bunu Gürcüstan iqtisadiyyat nazirinin müavini Quram Quraşvili bildirib.
Nazir müavini deyib ki, Orta Dəhliz Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Türkiyədən keçərək Avropa ölkələrinə gedən marşrutdur. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu 2014-cü ilin fevralında Azərbaycan, Qazaxıstan və Gürcüstanın dəniz və dəmir yolu daşımaları sahəsində aparıcı müəssisələrinin iştirakı ilə yaradılıb.
“Hazırda dəmir yolunun modernləşdirilməsi layihəsi davam edir və bu il başa çatdırılacaq. Bundan sonra yükdaşıma qabiliyyəti 27 milyon tondan 48 milyon tona yüksələcək və ölkə pik yük dövriyyəsi çağırışlarına hazır olacaq. Gürcüstan, Azərbaycan, Qazaxıstan və Türkiyə 2022-ci ildə yolların inkişafı üçün beşillik plan imzalayıblar. Bu planda problemlərin həlli üçün bütün layihələr və fəaliyyətlər əksini tapıb. Ticarət dövriyyəsini artırmaq üçün Gürcüstan Şərq-Qərb avtomobil yolunun genişləndirilməsini demək olar ki, tam başa çatdırıb və Bakı-Tbilisi-Qars dəmir yolunun 180 kilometrlik Marabda-Kartsaxi dəmir yolu hissəsinin bərpası, yenidən qurulması və tikintisini başa çatdırır”, - deyə Q.Quraşvili bildirib.
Qeyd edək ki, Orta Dəhliz marşrutu hazırda Çin-Qazaxıstan sərhədindən Xəzər dənizi, Azərbaycan və Gürcüstan vasitəsilə Avropaya uzanır.
Bütün xəbərlər Facebook səhifəmizdə