Qiymət artımı Azərbaycanın əmlak bazarına necə təsir göstərəcək? - EKSPERT AYDINLIQ GƏTİRDİ

“Türkiyədə baş vermiş zəlzələ səbəbi ilə dəhşətli dağıntılar var. Bu zəlzələ ölkənin əmlak və tikinti sektoruna çox böyük zərər verib. Bu proses sürətlə aparılacağına görə təbii ki, ora kütləvi surətdə tikinti materiallarının çatdırılması və istehsalı tələb olunacaq. Bununla da tikintidə tələb olunan materialların kənar ərazilərə satışı qadağaların tətbiqinə səbəb ola bilər. Çünki ölkənin özündə tələbat daha çox olacaq”. Bu sözləri SİA-ya açıqlamasında əmlak üzrə ekspert Elnur Fərzəliyev deyib.

Onun sözlərinə görə, ümumi vəziyyətə baxsaq, Azərbaycanda daha çox istifadə olunan tikinti materiallarından taxta, dəmir məmulatları və s. adətən Rusiyadan idxal olunur: “Əvvəllər Ukraynadan da dəmir armaturlar gəlirdi. Lakin müharibə səbəbi ilə bu tikinti materiallarının Ukraynadan gəlişində problemlər yaranıb. Ona görə də bu materiallar daha çox Rusiyadan gəlir. Yeni tikili binalarda istifadə olunan beton, armatur və taxtadır. Armatur həm Azərbaycanda istehsal olunur, həm də Rusiyadan gəlir. Taxta birmənalı olaraq Rusiyada idxal olunur. Beton hissələr isə Azərbaycanın özündə istehsal olunur. Eyni zamanda, tikintidə istifadə olunan mişar daşı və kərpic də Azərbaycanın öz məhsullarıdır, kənar ölkələrdən alınmır”.

Ekspert sözlərinə davam edərək bildirib ki, əlbəttə təmir zamanı istifadə olunan bir çox tikinti materiallar var ki, onlar Çindən, Rusiyadan, həm də Türkiyədən gətirilir: “Artıq Türkiyədən tikinti materiallarının, elektrik avadanlıqlarının və s. gəlişində problemlərin və qiymət artımının olması gözləniləndir. Düşünürəm ki, belə bir zamanda dəstək üçün digər ölkələrə nisbətən daha çox Türkiyəyə müraciət olunacaq ki, bu problemlər aradan qalxsın və tikililər vaxtında hazır edilib, təhvil verilsin. Bu baxımdan hesab edirəm ki, artıq Rusiyadan da tikinti materiallarının gətirilməsində problemlər yaranacaq. Çünki daha çox Türkiyəyə güc verilməlidir. Baş verən qardaş fəlakətində biz onların yanında olmalıyıq.

Fikrimcə, bu məsələ Azərbaycanda tikinti materiallarının qiymətində böyük bir dəyişiklik etməyəcək. Çünki Azərbaycanda işğaldan azad olunmuş torpaqlar xaric digər ərazilərdə tikinti işləri kütləvi şəkildə deyil, mərhələli şəkildə gedir. Bu baxımdan, Türkiyədə inşaat sektorundakı qiymət artımı bizim ölkədə əmlak bazarına çox ciddi təsir göstərməyəcək”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə