"Münasibətləri güclü siyasi zəmin əsasında inkişaf edir" - NAZİR AÇIQLADI

"2022-ci ildə Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı arasında diplomatik münasibətlərin 30-cu ildönümü qeyd olunur. Bu, həqiqətən tarixi bir hadisədir. Bu gün Azərbaycan ilə Səudiyyə Ərəbistan arasında münasibətlər çox güclü siyasi zəmin əsasında inkişaf etməkdədir". SİA xəbər verir ki, bu sözləri Bakı Konqres Mərkəzində Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın 7-ci iclası və İnvestisiya Forumunda Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov deyib.

Samir Şərifov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 18-də Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri, Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında Hökumətlərarası Müştərək Komissiyanın həmsədri Xalid bin Əbdüləziz Əl-Falihin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib: "Bu qəbulda İlham Əliyev tərəfindən Müştərək Kommissiyanın həmsədrlərinə bizim əməkdaşlığımıza baxışı barədə konkret istiqamətlər verildi ki, bu da bizim işimizə əlavə təkan verəcəkdir. Səudiyyə Ərəbistan nümayəndələri Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər edib. Bu, böyük bir addım idi. Səfər zamanı Səudiyyə Ərəbistanı nümayəndələri ermənilərin Azərbaycan torpaqlarında törətdiyi vəhşiliklərin nəticələri ilə tanış oldu. Səudiyyə Ərəbistan tərəfi işğaldan azad olunmuş ərazilərin bərpası üçün maliyyə köməkliyi göstərməkdə maraqlı olduğunu bildirib. Bugünkü iclasda bu məsələni də müzakirə edəcəyik. Biz onların bu marağını yüksək qiymətləndiririk. Hesab edirik ki, iki dövlət arasında sıx əlaqələr qurularaq müvafiq nəticələr əldə edə bilərik. Ümid edirəm ki, bu keçirilən forum əməkdaşlığımız baxımından uğurlu olacaq və iqtisadi əlaqələrin inkişafına öz təsirini göstərəcəkdir".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə