“Mədəniyyət Nazirliyi tərəfindən ötən ildən həyata keçirilən incəsənət məktəbləri müəllimlərinin attestasiyası bu sahənin tərəqqisi üçün vacibdir”. Bu fikirləri Əməkdar müəllim, tanınmış xanəndə və pedaqoq Qəzənfər Abbasov bildirib.
Uzun illərdir incəsənət sahəsində tədrislə məşğul olan xanəndə müəllimlərin bilik və bacarıqlarının ölçülməsinin əhəmiyyətini yüksək qiymətləndirib. Onun sözlərinə görə, attestasiya prosesi bu sahədə fəaliyyət göstərən müəllimlərin məsuliyyətinin artmasına səbəb olub.
“Mən attestasiyada xanəndəlik ixtisası üzrə proqramın tərtibatında yaxından iştirak etmişəm. Ümumiyyətlə, bütün ixtisaslar üzrə proqram aylar öncədən müəllimlərə təqdim olunub. Həmçinin Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən attestasiya komissiyalarının üzvləri və müəllimlərlə dəfələrlə maarifləndirici görüşlər keçirilib, onlara müvafiq tövsiyələr verilib. Bir sözlə, təhsilverənlərin öz bilik və bacarıqlarını rahat şəkildə nümayiş etdirmələri üçün lazımi şərait yaradılıb”, - Q.Abbasov bildirib.
Xanəndə bütün respublikanı əhatə edən attestasiya prosesinin incəsənət təhsilinin real inkişafı ilə nəticələnəcəyini vurğulayıb: “Düşünürəm ki, bütün sahələrdə, o cümlədən incəsənət təhsilində də işi peşəkarlara həvalə etməliyik. Bu, mədəniyyətimizin inkişafı üçün zəruridir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB