Tbilisidə azərbaycanlı qadınların rəsm və əl işlərindən ibarət sərgi...

Martın 8-də Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində Gürcüstanda yaşayan azərbaycanlı xanımların rəsm və əl işlərindən ibarət “Rənglərin ahəngi” adlı sərgi açılıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, sərgidə Azərbaycan qadınlarının, eləcə də uşaqların 35-dən çox rəsm əsəri və Azərbaycan mədəniyyətini, musiqisini, incəsənətini və mətbəxini əks etdirən 25-dən çox əl işləri nümayiş etdirilib.

Muzeyin elmi işçisi, təşkilatçı Leyla Əliyeva sərginin açılışında deyib ki, bu cür tədbirlərin təşkilində məqsəd Azərbaycanın qədim mədəniyyətini təbliğ edən qabaqcıl qadınları irəli çəkmək, onların cəmiyyətə inteqrasiyasına yardım göstərməkdir.

Ölkəmizin Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Ramiz Hacıyev Azərbaycanın qədim tarixə malik mədəniyyətindən danışıb. Bildirib ki, Gürcüstanda yaşayan azərbaycanlı qadınların əl işlərinin sərgisinin təşkili həm mədəniyyətimizin təbliğində, həm də qadın rəssamlarının və xalq yaradıcılığı ustalarının üzə çıxarılmasında mühüm rol oynayır. Onun sözlərinə görə, səfirlik hər zaman bur cür tədbirlərinin təşkilinə dəstək göstərib və bu siyasət bundan sonra da davam edəcək.

Sərginin açılışında Azərbaycan səfirliyinin əməkdaşları, Tbilisi bələdiyyəsinin deputatları, mədəniyyət və incəsənət ustaları, rəssamlar, tələbələr, Azərbaycanlı və gürcü ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Sərgi böyük maraqla qarşılanıb.

Rəssam Könül Bayramova müsahibəsində deyib: “Mən Azərbaycanda anadan olmuşam. Ali təhsilimi də Bakıda almışam. Ailə vəziyyətimlə əlaqədar olaraq Tbilisiyə köçmüşəm. Məqsədim rəssamlığın sirlərini, eləcə də qədim mədəniyyətimizin, incəsənətimizin incəliklərini Gürcüstanda yaşayan soydaşlarımıza öyrətmək, milli-mənəvi dəyərlərimizi qorumaq və inkişaf etdirməkdir”.

Qardabani rayonundan olan Səidə Məmmədova bildirib ki, çəkdiyi rəsmlərdə Azərbaycanın mədəniyyətini, milli-mənəvi dəyərlərini təbliğ edib.

Məlumat verilib ki, Novruz bayramı ilə əlaqədar martın 20-də Tbilisinin mərkəzində azərbaycanlı qadınların əl işlərinin satış-sərgisi də təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə