IV İstanbul Rəqəmsal İncəsənət Festivalının premyerası İtaliyada oldu

Tədbirdə çıxış edən İDAF-ın direktoru Nabat Qaraxanova deyib ...

May ayında İstanbulda keçiriləcək IV İstanbul Rəqəmsal İncəsənət Festivalının (İDAF) premyerası İtaliyanın Milan şəhərində keçirilib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Filmin nümayişinə Türkiyənin Milandakı baş konsulu Mehmet Özöktem, Azərbaycan səfirliyinin mədəniyyət attaşesi Nigar Qurbanlı, Türkiyənin Milan konsulluğunun baş ticarət attaşesi Əhməd Erkan Çetinkayış, rəqəmsal incəsənətin aparıcı adları və bir çox sənətçi qatılıb.

Tədbirdə çıxış edən İDAF-ın direktoru Nabat Qaraxanova deyib: "Türkiyənin yeganə beynəlxalq rəqəmsal incəsənət festivalını təşkil etməkdən və bu tədbirə bütün dünyanı cəlb etməkdən qürur duyuruq. Festivalımızın beynəlxalq rəğbəti bizim motivasiyamızdır."

Rəqəmsal incəsənət aləmində Türkiyə və xarici sənətkarlar üçün seminar və panellərə, audio və vizual şoulara ev sahibliyi edəcək İDAF-ın Milanda təqdimatı sənətsevərlər tərəfindən bəyənilib.

Türkiyənin ilk və yeganə beynəlxalq rəqəmsal incəsənət festivalı olan İDAF öz sahələrində tanınan 40 yerli və beynəlxalq sənətçini qəbul edəcək. Tədbir 2-5 may tarixlərində İstanbul Atatürk Mədəniyyət Mərkəzində “Reallığı axtarın” başlığı altında keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə