Kino İttifaqlarının birləşməsi üçün konfrans keçirilir

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) birləşmiş konfransı keçirilir. SİA xəbər verir ki, konfransda mədəniyyət xadimləri, incəsənət adamları iştirak edirlər.

Konfransın gündəliyinə birləşmiş kino ittifaqının yaradılmasının rəsmiləşdirilməsi və nizamnamənin təsdiqi, eləcə də ona sədr və idarə heyətinin seçilməsi məsələləri daxildir.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı 2012-ci ildə yaradılıb və ittifaqın idarə heyətinin hazırkı sədri Xalq artisti Şəfiqə Məmmədovadır. Azərbaycan Kinematoqrafçılar İttifaqı isə 1963-cü ildən fəaliyyət göstərir, ittifaqın idarə heyətinin hazırkı sədri Xalq artisti Rasim Balayevdir.

İki qurum ötən il birləşmək barədə qərar qəbul ediblər. Xalq artisti Şəfiqə Məmmədova Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqından birləşmiş kino ittifaqının sədri postuna namizəddir. AKİ-nin namizədi isə xalq artisti Rasim Balayevdir.

Bütün xəbərlər Facebook səhifəmizdə